“AĞACI QURD, MİLLƏTİ MANQURT İÇİNDƏN MƏHV EDƏR”

Tarix: 23:21 30.05.2025
Bu gün də bu manqurtlar var, sabah da olacaqlar. Onlara başa salmaq lazımdır ki, biz öz torpağımıza, öz dövlətimizə özümüz sahibik və onu qorumağa, yaşatmağa qadirik!
“1905-ci ilin 3 yanvarında Peterburqda Putilov zavodu fəhlələrinin tətili bütün Rusiyanı elə bil yuxudan ayıltdı”. Amma bu ayılmaq onlara baha başa gəldi. Yanvarın 9-da II Nikolayın əmri ilə fəhlələr gülləbaran edildi. Bu cəza tədbiri təkcə Rusiyada deyil, Azərbaycanda da acınacaqlı vəziyyəti daha da çətinləşdirdi.
Ölkədəki sosial münaqişələrin kəskinləşməsi, sosial təbəqənin artan narazılığı, inqilabi çaxnaşmalar, ardı-arası kəsilməyən tətillər çar hökumətini 1905-ci il 17 oktyabr manifestini imzalamağa məcbur etdi. Lakin bu “azadlıq” çar hökumətinə baha başa gəldiyi üçün tezliklə verdiyi müvəqqəti azadlığa qarşı kəskin mövqe tutaraq, daha amansız tədbirlərə əl atmağa başladı. Bu amansızlıq, əsasən, öz milli müqəddəratını həll etmək üçün gərgin mübarizəyə qalxan azəri-türklərinə şamil edilir.
İlk “tədbir”lər 1909-cu ilin axırları və 1910-cu ilin ilk ayları həyata keçirilir. Bu haqda “Molla Nəsrəddin” jurnalı yazırdı: “1905-06-cı illərdə açılmış məktəblər 1909-cu ildə yavaş-yavaş bağlanır, müəllimlər və yaşlılar üçün açılmış kurslar da bağlanmış, dinləyicilər küçəyə atılmışlar”.
Ölkə ziyalıları, əsasən də Əhməd bəy Ağaoğlu və Əli bəy Hüseynzadə hökumət tərəfindən xüsusi olaraq nəzarətə götürülür (əksər mənbələrdən belə bəlli olur ki, o zaman Qafqazın canişini olan Vorontsov-Daşkovun arvadı milliyyətcə erməni olan Liza bütün tədbirlərdə, məclislərdə Əhməd bəy Ağaoğluna və Əli bəy Hüseynzadəyə qarşı açıq-aydın nifrətini bildirirmiş, onların həbs və sürgün edilməsinə çalışın).
Əslində hökumət nümayəndələrinin əksəriyyəti Əhməd bəyə və Əli bəyə qənim kəsilmişdilər. Əli bəy Hüseynzadə 1905-ci ildə “Həyat”da, 1906-cı ildə isə daha geniş şəkildə “Füyuzat”da türkçülüyü, turançılığı təbliğ etməklə hökumətin “qara siyahı”sına düşmüşdü.
Çar hökuməti türkçülüyün təbliğindən çox narahat idi. Hökumət ehtiyat edirdi ki, “bu meyil müsəlman ölkələrinin Rusiyanın himayəsindən çıxması ilə nəticələnə bilər”.
1906-ci ilin əvvəllərində Tiflisdə Qafqaz canişini Vorontsov-Daşkovla azərbaycanlı ziyalıların görüşlərinin nəticəsizliyi, əksinə canişinin rəhbərliyi ilə bölgəyə rus generalı Qoloşapovun qoşun dəstəsi yeritməsi və azərbaycanlılara qarşı daha amansız hücuma keçməsi azərbaycanlı ziyalıların səbir kasasını daşdırdı. Belə olduqda Əhməd bəy 1905-ci ildə Bakıda yaratdığı “Fədai” adlı cəmiyyəti 1906-cı ilin əvvəllərində “Difai” partiyasına çevirdi.
“Difai”nin “Rusiya imperiyasının maraqlarına zərbə vuracaq dərəcədə açıq cəsarət nümayiş etdirməsiyerli canişinləri qorxuya saldı. Bu haqda illər sonra N.Şeyxzamanlı “Azərbaycan İstiqlal Mücadiləsi xatirələri” adlı əsərində yazırdı: “rus idarəçiləri qorxu içində hər hərəkətlərini ölçüb-biçərək addım atırdılar. On il çar idarəsini dəhşət və qorxu içində saxlayan “Difai” Azərbaycan tarixində “misli görünməmiş qeyrət səhifələri yazdı”.
Bu qeyrət səhifələrini yazan oğulları məhv etmək üçün yenə öz içimizdən tamahına sahib çıxa bilməyənlərimiz də oldu. “Rus idarəsi “Difai” firqəsinin bir üzvünü tapıb xəbər verənə və yaxud partiyanın möhürünü əldə edənə 50.000 qızıl rubl vəd etmişdi”. Bu qızıl rubla sahib olmaq istəyən Molla Hadi adlı bir şəxs gizli olaraq Rus Milli Təhlükəsizlik Komitəsi ilə əməkdaşlıq etməyə başlayır. Bu xəbər “Difai” təşkilatına çatır. Tədqiqat nəticəsində Molla Hadinin ruslara satıldığı bəlli olur. “Difai” firqəsi Molla Hadinin qətlinə qərar verir və səhəri gün əmr yerinə yetirilir.
“Difai”ni susdurmaq üçün hökumətin ilk hədəf götürdüyü, təşkilatın başında duran Əhməd bəy Ağaoğlu olur. Bu haqda Yelizavetpol şəhər qubernatoru Qafqaz canişinliyinə göndərdiyi 14 mart 1908-ci il tarixli məktubunda yazırdı: “Difai” partiyasının tamamilə məhv edilməsi məqsədi ilə mən öz tərəfimdən xahiş edirəm ki, Difai Partiyasının Bakıda yerləşən Mərkəzi Komitəsinin sədri Əhməd bəy Ağayev başda olmaqla bütün tərkibi Zaqafqaziya regionundan dərhal çıxarılsın”. Bundan sonra “Difai”nin üzvlərinin həbsləri başlayır. Bu zaman Əhməd bəy Ağaoğlu vətəni tərk edib Türkiyəyə gedir.
Arxiv sənədlərindən də belə bəlli olur ki, 17 oktyabr manifestindən peşman olan hökumət 1909-cu ildən ölkədə xüsusən də Bakıda güclü təqiblərə başlayır. “1910-cu ildə gizli polisə belə bir xəbər çatmışdı ki, müsəlman ziyalıları arasında, o cümlədən qəzet mühərrirləri içərisində panislamizm əhval-ruhiyyəsi çox qüvvətlənmişdir. Guya məktəblərdə, xüsusən də “Səadət” məktəbində ittihadi-islam açıqdan-açığa təbliğ olunur”.
Odur ki, ölkənin əksər millətpərəst, vətənpərvər ziyalılarının çalışdığı “Səadət” məktəbi hökumət tərəfindən güclü nəzarətə götürülür və məktəbdə ziyalılar içərisində çalışan cəsusların sayını artırır.
Bir neçə illər bundan əvvəl ədəbiyyatşünas və mətbuatşünas alim Abbas Zamanovdan, mətbuat tariximizin tədqiqatçısı, arxivşünas Qulam Məmmədlidən və qocaman yazıçı-tədqiqatçı Qılman İlkindən eşitmişdim ki, “bu işdə o məktəbdə çalışan mühərrir və müəllimləri yaxından tanıyan öz qələm yoldaşlarının barmağı olub. Bu cəsuslardan biri də o dövrün tanınmış jurnalisti, publisisti Haşım bəy Vəzirov olub” (sonralar Qılman müəllimin “Bakı və bakılılar” əsərində bu haqda oxudum da).
Kim idi Haşım bəy Vəzirov? Şuşada dünyaya göz açan Haşım bəy dövrünün tanınmış dramaturqu, jurnalisti, naşiri, publisisti olub. “Səda”, “Tazə həyat”, “İttifaq”, “Sədayi-vətən”, “Sədayi-Qafqaz”, “Sədai-həqq” kimi qəzetlərin redaktoru olan Haşım bəy görəsən niyə bu yola əl atmış???
Doğrusunu deyim ki, o zaman da, illər sonra da bu görkəmli alimlərin dediyi sözlərə inanmadım. Hətta Haşım bəy Vəzirov haqqında “Millətçilikdən vətənpərvərliyə doğru” (Bax: BDU-nun Xəbərləri. Humanitar elmlər seriya-sı. 2001. N-1, səh.199-203) adlı böyük həcmdə bir məqalə də yazdım və sonda da hamımızı bu vətənpərvərlikdən nümunə götürməyə çağırdım.
Arxiv sənədləri isə bütün inamımı məhv etdi. Sənəddə yazılıb: “Haşım bəy Miriman Mirabdulla bəy oğlu Vəzirov Yelizavetpol quberniyasındandır, tatardır. Şuşa şəhərində anadan olub, hazırda Bakıda yaşayır. “Səda” qəzetinin mühərrir-naşiridir. Qafqazda panislamizm üzrə “intilligent” təxəllüslü DJİ-nin (dövlət jandarm idarəsinin) gizli əməkdaşıdır. Bilavasitə olaraq potmistr Kulinskinin və polkovnik Minkeviçin rəhbərliyi altında işləyir. 1911-ci ildə Bakı quberniyasında və Dağıstanda müsəlman hərəkatında iştirak edənləri ələ verib”.
Hətta Qılman İlkin yazırdı ki, “O da məlumdur ki, 1911-ci il 24martda potmistrlə danışıq zamanı Haşım bəy bir çox adamlar barədə ona məlumat vermişdi. Həmin görüşdən sonra mart ayında bir çox qəzet redaksiyalarında axtarış aparılmış, “Yeni Füyuzat” qəzetinin müdiri və imtiyaz sahibi Əlipaşa Hüseynzadə Sibirə sürgün edilir, baş mühərrir Əhməd Kamal paşa ölkədən çıxarılıb Türkiyəyə göndərilir. “Həqiqət” qəzetindən Oruc Orucov da həbs edilir. Bununla yanaşı Haşım bəy Vəzirovun qəzeti “Səda” da bağlanır və Haşım bəy özü də həbsə alınır. Lakin bir neçə gündən sonra həbsdən azad olunub, qəzetini davam etdirir. Görünür ki, polis Haşımovu da həbs etməklə gözdən pərdə asmış və onun üstünə kölgə düşməsinə yol verməyib".
Burada yadıma istedadlı publisist Ömər Faiq Nemanzadənin “Ümid” imzası ilə “İrşad” qəzetində (13 sentyabr 1906, N-215) yazdığı “Ağacı qurd içindən yeyər” sərlövhəli məqaləsi düşdü. Müəllif ürək yanğısı ilə yazırdı: “Hər yerdə bir-birimizin ayağından çəkirik. İgidlik və gücümüzü öz qardaşlarımızın başında sınayırıq. Öz-özümüzün arasında aslan, əjdaha oluruq, özgələrin yanında pişik və qoyundan da aşağı düşürük. Özgələrin bizə zülm və həqarət etməyinə hamıdan artıq qanacaqsızlığımız ilə kömək oluruq.
Ah, ay biçarə məzlum millət. Nifaq və qərəz səni nə vaxta qədər bu pərişanlıqda saxlayacaq?”
... 1910-cu ildən başlanan tuthatut 1912-ci ilə qədər davam etdi. Bu həbslər yenicə inkişafda olan Azərbaycan maarifinə, mətbuatına, mədəniyyətinə çox ağır zərbə vurdu. Təpədən-dırnağa vətənpərvər olan, vətəni, milləti üçün canını fəda edən, iki böyük istedadlı şəxsiyyətimiz: Əhməd bəy Ağaoğlu və Əli bəy Hüseynzadə ürək ağrısı ilə vətəni tərk etməyə məcbur oldu.
Bakıda nəşr olunan qəzet və jurnal müxbirləri həbs edilərək uzaq Sibirə, Türkiyəyə göndərildi. Mətbu orqan-larının çapı dayandırıldı. Yeni üsullu məktəblər bağlandı. Dövrün tanınmış naşirlərindən, publisistlərindən olan Oruc Orucov, Əliabbas Müznib, qardaşı Əmin Abid, Əhməd Kamal, Əli Paşa Hüseynzadə (Səbur) və Axund Molla Ruhullanın jurnalist oğlu Məmməd Sadıq da sürgün və həbs olanlar arasında idi.
Sonda elə Haşım bəy Vəzirovun 2 aprel 1907-ci ildə “Tazə həyat” qəzetində yazdığı məqalədən son cümləni xatırladım. O, yazırdı: “Qərblilərin döşündən itələyib “dəxi bəsdir, dəxi kifayətdir” deməlisiniz, indi bizə qəyyum lazım deyil, öz torpağımıza, öz dövlətimizə özümüz də sahib ola bilərik deməlisiniz...”.
Qərənfil Dünyaminqızı