Zelenski ilə Kiyev meri arasında siyasi gərginlik artır

Bölmə: Siyasət › ,
Tarix: 14:13 02.06.2025

Ukrayna prezidenti Volodimir Zelenski ilə Kiyev meri Vitali Kliçko arasında uzun müddətdir davam edən siyasi gərginlik son dövrlərdə daha da açıq şəkildə hiss olunur.

 

Məsələ ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Kənan Novruzov bildirib ki, bu qarşıdurma müharibə dövrünün yaratdığı daxili siyasi gərginlik fonunda daha da dərinləşib:

 

“Müharibə şəraitində müxalifətin iqtidara qarşı daha sərt və fəal mövqe sərgiləməsi təbii haldır. Kliçko təkcə şəhər meri deyil, həm də tanınmış siyasi fiqurdur. Onun keçmiş idmançı olması və ictimai nüfuzu onu diqqət mərkəzində saxlayır. Son vaxtlar isə o, Zelenskiyə qarşı daha açıq tənqidi mövqe tutur. Hazırda Ukrayna siyasi elitasında yalnız müxalifətlə iqtidar arasında deyil, iqtidarın daxilində də narazılıqlar artmaqdadır. Bu isə yeni siyasi qruplaşmaların və şəxslərin önə çıxmasına səbəb olur. Hərçənd, bu ehtimal hələlik zəifdir. Zelenskidən sonra hakimiyyətə gəlmək potensialı olan şəxslər sırasında Kliçko da var. Daha real namizədlər arasında Prezident Ofisinin müşaviri Mixail Podolyak və ya Ukraynanın Britaniyadakı səfiri kimi simalar göstərilir. Qısa müddətdə bu gərginliklər ciddi siyasi dəyişikliklərə səbəb olmayacaq, lakin daxili narazılıqların artması Ukraynanın siyasi gündəmində mühüm yer tutacaq”.

 

Ayan Əsgərova