“Biz artıq Cənubi Qafqazda əmin-amanlıq və sülh görmək istəyirik"

Bölmə: Siyasət › ,
Tarix: 14:24 02.06.2025

Ərdoğanın jurnalistlərə açıqlamasında bildirib ki, bölgədə davamlı sülh hər kəs üçün faydalı olacaq:

 

Azərbaycan və Ermənistan arasında sülhün artıq üfüqdə görünməsindən şadıq. Bu prosesi yaxından izləyirik və lazımi dəstəyi də veririk. Əldə olunacaq sülh həm Azərbaycanla Ermənistan, həm də ölkəmiz üçün dəyərli olacaq".

 

Məsələ ilə bağlı politoloq Oqtay Qasımov “İnformator.az”a açıqlamasında bildirib ki, Türkiyə birmənalı şəkildə bəyan edib ki,  Ermənistan Azərbaycanla sülh müqaviləsini imzalamayana qədər Türkiyə ilə diplomatik münasibətlərin qurulması mümkün olmayacaq:

 

“Türkiyə Prezidenti cənab Ərdoğanın Ermənistan-Azərbaycan sülh prosesi ilə bağlı fikirləri, əlbəttə ki, ciddi qəbul olunmalıdır. “Sülhün üfüqdə görünməsi” ifadəsi göstərir ki, Azərbaycanla Ermənistan arasındakı sülh müqaviləsinin mətni artıq razılaşdırılıb və proses davam edir. Sadəcə olaraq, yekun sülh sənədinin imzalanması üçün Ermənistanın Azərbaycanın iki tələbini yerinə yetirməsi lazımdır. Türkiyə də bu prosesdə aktiv şəkildə iştirak edir. Həm Azərbaycanla olan dialoq, həm də Ermənistanla apardığı diplomatik fəaliyyətlər buna müəyyən qədər təkan verir.

 

Avropa Siyasi Birliyinin toplantısında cənab Ərdoğanın Azərbaycan Prezidenti və Paşinyanla ayaqüstü söhbəti zamanı Türkiyənin sülhdə maraqlı olduğunu bir daha vurğulaması da diqqətdən kənarda qalmamalıdır. Ermənistan-Azərbaycan arasındakı normallaşma, Ermənistan-Türkiyə münasibətlərinə də təkan verəcək. Bunlar bir-biri ilə bağlı məsələlərdir.

 

Qeyd edək ki, Türkiyə birmənalı şəkildə bəyan edib: Ermənistan Azərbaycanla sülh müqaviləsini imzalamayana qədər Türkiyə ilə diplomatik münasibətlərin qurulması mümkün olmayacaq. Bu da Ermənistanı sülh prosesində daha fəal olmağa təşviq edən amillərdən biridir".

 

Fatimə Şahverdiyeva