Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir- YENİLƏNİB

Tarix: 14:33 02.06.2025
Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
“İnformator.az” President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:
"Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Slovakiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.
Slovakiya ilə Azərbaycan arasında münasibətlərin uzun illərdir dostluq və qarşılıqlı hörmət əsasında inkişaf etdiyini, gələcək əməkdaşlıq üçün böyük potensial yaratdığını məmnuniyyətlə qeyd edirəm. Strateji tərəfdaşlığımızın bu əlaqələri daha da möhkəmləndirərək yeni imkanlar yaratmasını yüksək qiymətləndirirəm.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün ölkənizə səfərimi və şəxsən görüşümüzü xoş duyğularla xatırlayıram. Sizi Slovakiyada eyni yüksək qonaqpərvərliklə salamlamaq fürsətini səbirsizliklə gözləyirəm. Əminəm ki, görüşümüz ikitərəfli əlaqələrimizin uğurlu inkişafına mühüm təkan verəcəkdir.
Zati-aliləri, Sizə və bütün Azərbaycan xalqına möhkəm cansağlığı, əmin-amanlıq, sabitlik, uğurlar və rifah arzulayıram.
Bratislavada görüşümüzü və səmərəli müzakirələrimizi səbirsizliklə gözləyirəm.
Zati-alinizə ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Uruqvay Şərq Respublikasının Prezidenti Yamandu Orsi Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
“İnformator.az” President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:
"Uruqvay Şərq Respublikasının xalqı və hökuməti adından və şəxsən öz adımdan 28 May - Azərbaycanın Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi, əziz xalqınıza sülh və rifah arzularımı qəbul etməyinizi xahiş edirəm.
Ölkələrimiz arasında çox yaxşı ikitərəfli münasibətlər yaranıb və tam əminəm ki, bu münasibətlər mədəni, siyasi əməkdaşlıq zəminində möhkəmlənəcəkdir.
Cənab Prezident, fürsətdən istifadə edərək, Sizə bir daha ən yüksək ehtiramımı bildirirəm".
Bundan başqa, Küveyt Dövlətinin Əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah da dövlətimizin başçısını təbrik edib:
"Dost Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Gününün növbəti ildönümü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram. Fürsətdən istifadə edərək, dost ölkələrimiz və xalqlarımız arasındakı möhkəm əlaqələrin davamlı şəkildə inkişaf etməsini arzulayıram.
Zati-aliləri, Sizə uzun ömür, cansağlığı, Azərbaycan Respublikasına və onun dost xalqına davamlı tərəqqi və firavanlıq diləyirəm".
Eyni zamanda, Küveyt Dövlətinin Vəliəhdi Şeyx Sabah Xalid əl-Hamad əl-Mübarək əl-Sabah da Prezident İlham Əliyevə təbrik məktubu göndərib:
"Dost ölkənizin Müstəqillik Gününün ildönümü münasibətilə Sizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə uzun ömür, cansağlığı, müvəffəqiyyətlər, Azərbaycan Respublikasına və dost Azərbaycan xalqına davamlı inkişaf və rifah arzulayıram".
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Denis Beçiroviç Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
"İnformator.az" President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:
"Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına Bosniya və Herseqovinanın vətəndaşları adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaqdan şərəf və məmnunluq duyuram. Sizə davamlı tərəqqi, sülh və firavanlıq arzulayıram.
Bosniya və Herseqovina ilə Azərbaycan Respublikası arasında möhkəm dostluq əlaqələrinin və qarşılıqlı hörmətin olduğunu vurğulamaqdan məmnunluq duyuram.
Mən ölkələrimizin və xalqlarımızın qarşılıqlı rifahı naminə əməkdaşlığımızı bundan sonra da möhkəmləndirmək və dərinləşdirmək üçün birgə səylər göstərəcəyimizə əminəm.
Sizə və Azərbaycan Respublikasının vətəndaşlarına ən xoş arzularımı bildirirəm.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".