Çindən ABŞ müdafiə naziri Hegseth-ə etiraz: “Odla oynamayın”

Tarix: 14:40 02.06.2025
Pekin rəhbərliyi ABŞ müdafiə naziri Pit Hegseth-i Sinqapurda keçirilən Şanqri-La Dialoqu çərçivəsində Çin haqqında səsləndirdiyi fikirlərə görə qınayıb.
Çin Xarici İşlər Nazirliyinin yaydığı yazılı bəyanatda Hegseth-in bölgə ölkələrinin sülh və inkişaf çağırışlarına məhəl qoymayaraq, Soyuq Müharibə düşüncəsinə əsaslanan bloklararası qarşıdurmanı təriflədiyi bildirilib.
Bəyanatda Hegseth-in Çini qaralayan və “təhdid” kimi göstərən açıqlamalarının onu şeytanlaşdırdığı qeyd edilərək, “Bu açıqlamalar təxribat xarakterlidir və bölgədə parçalanma toxumu səpmək məqsədi daşıyır. Çin bu fikirlərə qarşı çıxır və onları qətiyyətlə qınayır,” – ifadəsi yer alıb.
Açıqlamada Çin tərəfindən ABŞ-ə qarşı sərt etiraz bildirildiyi vurğulanıb və belə deyilir:
“Dünyada hegemon güc kimi anılmağa layiq yeganə ölkə ABŞ-dir. ABŞ, Asiya-Sakit Okean bölgəsində sülh və sabitliyi pozan əsas amildir. Öz hegemonluğunu yaymaq və saxta ‘Hind-Sakit Okean strategiyası’nı irəli aparmaq məqsədilə Cənubi Çin dənizinə hücum silahları yerləşdirir, bölgədə gərginliyi artırır və qarşıdurmaları körükləməyə davam edir. Bu cəhdlər regionu barıt çəlləyinə çevirərək bölgə ölkələrini dərin narahatlığa salır”.
“ABŞ, Tayvan məsələsini Çinə qarşı alətə çevirmək xəyalına belə düşməməlidir”.
Bəyanatda Tayvan məsələsinin tamamilə Çinin “daxili işi” olduğu və heç bir ölkənin bu işə müdaxilə edə bilməyəcəyi vurğulanaraq, “ABŞ Tayvan məsələsini Çinə qarşı bir alətə çevirməyi xəyal belə etməməli, bu məsələdə odla oynamamalıdır,” – xəbərdarlığı edilib.
Açıqlamada həmçinin Cənubi Çin dənizində naviqasiya və uçuş azadlığının heç vaxt problem olmadığı qeyd olunub. Çin öz ərazi bütövlüyünü və dənizlərdəki hüquq və maraqlarını qanunlara uyğun şəkildə qoruduğunu, müvafiq ölkələrlə fikir ayrılıqlarını dialoq və məsləhətləşmə yolu ilə həll etməyə sadiq qaldığını bildirib.
Bəyanatın sonunda ABŞ-ə bölgə ölkələrinin sülh və sabitliyi qorumaq səylərinə hörmətlə yanaşması, bölgənin dəyər verdiyi sülh mühitini qəsdən pozmaqdan və qarşıdurma yaradaraq gərginliyi artırmaqdan çəkinməsi çağırışı edilib.
HEGSETH-İN ÇİN BARƏDƏKİ AÇIQLAMALARI
ABŞ müdafiə naziri Pit Hegseth, Sinqapurda keçirilən Asiya-Sakit Okean bölgəsinin ən mühüm təhlükəsizlik forumlarından biri olan Şanqri-La Dialoqunda etdiyi çıxışda, Hind-Sakit Okean regionundakı müttəfiqləri və müdafiə tərəfdaşlarını Çinə qarşı birgə çəkindirici mexanizmlər yaratmağa çağırmışdı.
Hegseth çıxışında Çinin Asiyada hegemon güc olmağa çalışdığını, bölgənin əsas strateji nöqtələrinə nəzarət etməyə can atdığını iddia edib. O, Çinin ordusunu geniş şəkildə yenidən qurduğunu, “boz zona” taktikaları və hibrid müharibə üsulları da daxil olmaqla hərbi gücdən istifadəyə daha açıq şəkildə hazırlandığını bildirib.
Hegseth həmçinin Çinin Cənubi Çin dənizində rif və adacıqları qeyri-qanuni yollarla ələ keçirib hərbiləşdirdiyini, qonşu ölkələrin suverenliyini təhdid etdiyini, naviqasiya və uçuş azadlıqlarını məhdudlaşdırdığını və Tayvanı işğal etmə niyyəti göstərdiyini iddia edərək belə deyib:
“Çinin yaratdığı təhdid realdır və istənilən an fövqəladə vəziyyətə çevrilə bilər. Pekinin Hind-Sakit Okeanda mövcud güc balansını dəyişmək üçün hərbi gücdən istifadə etməyə hazırlandığı artıq hamıya aydın olmalıdır. Çin, bölgədəki status-kvonu kökündən dəyişmək istədiyini açıq şəkildə göstərir”.
Mənbə: A HABER
Solmaz Muradova