Ərdoğan Bakı Enerji Həftəsinin açılışına mesaj göndərib- "Əməkdaşlığımız Avropaya uzanır"

Bölmə: Siyasət › ,
Tarix: 14:46 02.06.2025

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanda keçirilən 30-cu Bakı Enerji Həftəsinin açılışına təbrik mesajı ünvanlayıb.

 

“İnformator.az” "A Haber"ə istinadən xəbər verir ki, prezidentin mesajını tədbirdə iştirak edən Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar səsləndirib.

 

Mesajda Prezident Ərdoğan Türkiyə ilə Azərbaycanın əbədi qardaşlıq təməlində qurduqları münasibətlərin enerji sahəsində də qətiyyətlə davam etdiyini vurğulayıb.


"Son illərdə baş verən qlobal geosiyasi proseslər enerji təhlükəsizliyi məsələsində Türkiyə-Azərbaycan əməkdaşlığının nə qədər əhəmiyyətli olduğunu bir daha göstərdi. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kəmərləri və TANAP kimi infrastruktur yatırımları ilə zənginləşən bu əməkdaşlığımız təkcə Türkiyə və Azərbaycana deyil, region və Avropanın enerji təhlükəsizliyinə də mühüm töhfələr verməyə davam edir", - deyə mesajda qeyd olunub.


Prezident Ərdoğan, həmçinin mart ayında istifadəyə verilmiş İğdır-Naxçıvan qaz kəmərinin də enerji sahəsindəki əməkdaşlığın yeni nümunəsi olduğunu xatırladıb:


"Bu xəttin işə düşməsi Naxçıvan bölgəsinin enerji təchizatının təhlükəsizliyini gücləndirib və bizi birlikdə daha da qüvvətləndirib. Türkiyə-Azərbaycan arasında elektrik bağlantısının artırılması da bizim üçün strateji əhəmiyyətə malik digər bir layihədir".


Ərdoğan qeyd edib ki, Türkiyə-Naxçıvan və Türkiyə-Gürcüstan arasındakı elektrik enerjisi mübadiləsi imkanlarının artırılması zəruridir. Bu kontekstdə o, Türkiyə, Azərbaycan, Gürcüstan və Bolqarıstan arasında "yaşıl elektrik enerjisinin ötürülməsi və ticarəti sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu"nun imzalandığını xatırladıb. Prezident bu layihənin regionun enerji təhlükəsizliyi və rifahı baxımından tarixi addım olduğunu vurğulayıb.


Türkiyə Prezidenti, eyni zamanda, Azərbaycanın təbii qaz ixracı sahəsindəki strateji roluna da toxunub:


"Azərbaycan uzun illərdir, həm Türkiyəyə, həm də Avropaya böyük həcmdə təbii qaz ixrac edir. Mövcud geosiyasi şəraitdə bu rolun əhəmiyyəti daha da artıb. Qarşıdakı dövrdə Türkmənistan qazının Azərbaycan və Türkiyə üzərindən ixracı məsələsində əməkdaşlığımızı gücləndirmək üçün önəmli fürsətlər mövcuddur. Bu layihə həm tədarük yollarının diversifikasiyasına, həm də regional rifaha töhfə verəcək".


Sonda Prezident Ərdoğan Bakı Enerji Həftəsinin iştirakçılarına uğurlar arzulayaraq, tədbirin təşkilində əməyi keçənlərə təşəkkürünü bildirib.


"Keçən həftə Laçında bir araya gəldiyimiz qardaşım Prezident İlham Əliyevi və bütün iştirakçıları ən səmimi hisslərimlə salamlayıram", - deyə o, sözlərini yekunlaşdırıb.