Azərbaycan Türkiyə və İsrail arasında diplomatik körpü rolunda

Tarix: 17:11 06.06.2025
Azərbaycan diplomatiyada mühüm addım ataraq Türkiyə və İsrail arasında münasibətlərin normallaşması üçün vasitəçilik edir. Azərbaycan Prezidenti İlham Əliyevin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyev bildirib ki, Bakı hər iki tərəfin etibar etdiyi ölkə olaraq, regionda gərginliyin azaldılması məqsədilə bir neçə dəfə görüşlərə ev sahibliyi edib. Bu təşəbbüs Azərbaycanın regional sülh və stabilliyə verdiyi töhfənin göstəricisidir.
Mövzu ilə bağlı politoloq Elşad Mirbəşirğolu “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycanın vasitəçilik təşəbbüsü regional güc dinamikalarına və xarici siyasət prioritetlərinə birbaşa təsir edir:
“Azərbaycan hər zaman barışdırıcı mövqedən çıxış edib və ölkəmiz əməkdaşlıq və dialoqu dəstəkləyən mövqeyini qoruyur. Türkiyə və İsrail arasında münasibətlərin normallaşmasına dair müzakirələrin təşkili də bu siyasətin bir parçasıdır. Artıq Bakıda belə görüşlər baş tutub. Əvvəllər də, məsələn, Rusiya və ABŞ hərbi rəhbərliyi arasında görüşlərə Bakı ev sahibliyi edib. Bu da Azərbaycanın tərəflər arasında dialoq platforması kimi qəbul olunduğunun sübutudur”.
“Azərbaycanın Türkiyə və İsrail ilə yaxşı münasibətləri var. Türkiyə ilə müttəfiqlik münasibətləri mövcuddur, İsraillə isə konstruktiv əməkdaşlıq əlaqələri qurulub. Bu ikitərəfli əlaqələr ölkəmizə vasitəçi olmaq üçün geniş imkanlar yaradır. Əgər tərəflər təşəbbüs göstərərsə, Azərbaycan münasibətlərin normallaşması istiqamətində mühüm rol oynaya bilər”.
“Bu təşəbbüslər Azərbaycanın xarici siyasət prioritetlərinə tam uyğun gəlir. Çünki bizim əsas prinsipimiz dünyada sülh, dialoq və əməkdaşlığın təşviqidir. Regionda gərginliyin azaldılması və münasibətlərin normallaşması həm də ümumi təhlükəsizlik mühitini gücləndirə bilər”.
“Azərbaycan bu və digər gərgin münasibətlərə malik ölkələr arasında da etimad mühiti yaratmaq və sülh təşəbbüsləri göstərmək imkanına sahibdir. Bu da ölkəmizin beynəlxalq səviyyədə nüfuzunun və diplomatik çəkisinin artmasına xidmət edir”.
Solmaz Muradova