İAQAMQK Belarus nümayəndə heyəti ilə insan alverinə qarşı mübarizə mövzusunda görüş keçirib

Bölmə: Sosial › ,
Tarix: 17:57 06.06.2025

İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyası (İAQAMQK) Belarus Respublikasının Azərbaycanda səfərdə olan miqrasiya məsələləri üzrə nümayəndə heyəti ilə görüş keçirib. Görüşdə əsas müzakirə mövzuları miqrasiya prosesləri, insan alverinə qarşı mübarizə və bu sahədə vətəndaş cəmiyyətinin rolu olub.

Belarus nümayəndə heyətinə ölkənin Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Sərhəd Komitəsi, Milli Statistika Komitəsi və Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Belarusdakı nümayəndəliyinin təmsilçiləri daxil idi. Görüşdə BMqT-nin Azərbaycandakı nümayəndəliyindən Anar İskəndərov da iştirak edib.

Görüş zamanı BMqT-nin Belarusdakı nümayəndəliyinin rəhbəri Mahim Orazmuxammedova nümayəndə heyətini təqdim edib və səfərin məqsədi barədə məlumat verib. O qeyd edib ki, səfərin əsas məqsədi Azərbaycanın miqrasiya siyasəti, insan alverinə qarşı mübarizədə QHT-lərin fəaliyyəti və bu sahədə dövlət qurumları ilə əməkdaşlıq təcrübəsi ilə yaxından tanış olmaqdır.

Koalisiyanın koordinatoru Mehriban Zeynalova çıxış edərək təşkilatın fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirilib ki, Koalisiya 2009-cu ildən fəaliyyət göstərir və Daxili İşlər Nazirliyi ilə əməkdaşlıq memorandumuna əsasən çalışır. Hal-hazırda 45 QHT-ni birləşdirən Koalisiya insan alveri ilə mübarizə sahəsində bir neçə prioritet istiqamətdə fəaliyyət göstərir.

Mehriban Zeynalova Koalisiyanın qanunvericiliyin təkmilləşdirilməsi üzrə təkliflər paketi hazırladığını və bu təkliflərin dövlət qurumları ilə ilkin müzakirəsinin aparıldığını qeyd edib. Həmçinin, Koalisiya media və sosial şəbəkələrin monitorinqi, regionlarda vəziyyətin qiymətləndirilməsi və preventiv tədbirlərin planlaşdırılması üzrə də fəaliyyət göstərir.

Koalisiyanın üzvləri yerli hüquq-mühafizə orqanlarında uşaq əməyinin istismarı ilə bağlı təlimlər keçir, tədqiqatların aparılmasını təşviq edir və yaxın gələcəkdə bu istiqamətdə fəaliyyətlərin daha da genişləndirilməsi planlaşdırılır. Eyni zamanda Azərbaycan diaspor təşkilatları ilə xaricdə birgə tədbirlərin təşkili də gündəlikdədir.

Belarus tərəfdən çıxış edən, DİN-in Vətəndaşlıq və Miqrasiya İdarəsinin rəisinin birinci müavini, polis polkovniki İnna Borisovna Studeniçnik ölkəsində QHT-lərlə əməkdaşlıq təcrübəsi və mövcud qaynar xətlərin fəaliyyəti barədə danışıb. DİN-in digər rəsmisi Natalia Vladimirovna Kulbitskaya isə sığınacaqların fəaliyyəti ilə bağlı məlumat verib.

Görüş zamanı qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, onlayn cəlbetmə və insan alverinin yeni formalarına qarşı mübarizə sahəsində birgə təlim və müzakirələrin təşkili imkanları da nəzərdən keçirilib.

İnna Studeniçnik yekunda bildirib ki, Belarus tərəfi Azərbaycan təcrübəsi ilə yaxından maraqlanır və gələcəkdə bu sahədə əməkdaşlığın inkişafında maraqlıdır.