Ukrayna dron hücumundan bir neçə gün sonra Rusiya “kütləvi” zərbələr endirib

Bölmə: Dünya › ,
Tarix: 18:33 06.06.2025

 

 

Rəsmilərin bildirdiyinə görə, Rusiya cümə günü səhər saatlarında Ukraynanın paytaxtı da daxil olmaqla bir neçə bölgəsinə genişmiqyaslı dron və raket hücumları həyata keçirib.

 

Ukrayna Prezidenti Volodimir Zelenskiyə görə, hücumlar nəticəsində azı üç nəfər ölüb, 49 nəfər yaralanıb.

 

Hava hücumları paytaxt Kiyev, eləcə də ölkənin şimal-qərbində yerləşən Lutsk şəhəri və Ternopil vilayətini hədəf alıb.

 

Rusiya Müdafiə Nazirliyi bu zərbələrin “Kiyev rejiminin terror aktlarına” cavab olaraq həyata keçirildiyini bildirib və hücumların hərbi obyektlərə yönəldiyini vurğulayıb.

 

Nazirlik qeyd edib ki, “gecə saatlarında uzaqmənzilli dəqiq aviasiya, dəniz və quru bazalı silahlar, həmçinin hücum dronları ilə kütləvi zərbə endirilib”.

 

Bu hücum, Rusiya Prezidenti Vladimir Putinin ABŞ Prezidenti Donald Trampa Ukraynanın Rusiya hərbi bazalarına son hücumlarına cavab veriləcəyi ilə bağlı xəbərdarlıq etməsindən sonra baş verib.

 

Rusiyanın son hücumu, Ukraynanın dörd hərbi bazada ən azı 40 Rusiya hərbi təyyarəsini hədəf alan ən böyük uzaqmənzilli dron hücumundan bir neçə gün sonra gerçəkləşib.



BBC 

Asiman Vəliyeva