Aİ ABŞ-nin ICC hakimlərinə sanksiyasına etiraz edir

Bölmə: Dünya › ,
Tarix: 19:00 06.06.2025

Avropa İttifaqı ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) dörd hakiminə qarşı tətbiq etdiyi sanksiyaları ədalətə və məhkəmə müstəqilliyinə təhdid kimi qiymətləndirərək bu qərardan dərin narahatlıq ifadə edib. Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bu addımı təəssüf hissi ilə qarşılayıb və Haaqa məhkəməsinə Aİ-nin tam dəstəyini bəyan edib.

 

O bildirib ki, ICC dünyanın ən ağır cinayətlərini araşdırır və qurbanlara səs verir, buna görə də təzyiqsiz fəaliyyət göstərməlidir. BMT-nin İnsan Haqları üzrə ali komissarı Volker Türk də ABŞ-nin qərarını qanunun aliliyinə və bərabər hüquqlara zidd addım kimi qiymətləndirərək, sanksiyaların ləğvini tələb edib.

 

Aİ Şurasının rəhbəri Antonio Kosta ICC-ni “beynəlxalq ədalətin təməl daşı” adlandıraraq onun müstəqilliyinin qorunmalı olduğunu vurğulayıb. ABŞ Dövlət Departamenti sanksiyaların ICC-nin İsrailin baş naziri Benyamin Netanyahuya order verməsi və ABŞ hərbçilərinin Əfqanıstanda törətdiyi iddia olunan cinayətlərin araşdırılması ilə bağlı qərarlarından sonra tətbiq edildiyini açıqlayıb.

 

Al Jazeera
Qəmər Kazımzadə