HƏMAS işğalçı İsrail əsgərlərinə qarşı əməliyyat həyata keçirib

Tarix: 19:21 06.06.2025
Qəzzanın şimalında Qəssam Briqadaları tərəfindən həyata keçirilən əməliyyatda işğalçı İsrail əsgərlərinin hədəf alındığı bildirilib. Əməliyyat zamanı İsrail əsgərləri arasında ölən və yaralananların olduğu açıqlanıb.
HƏMAS-ın hərbi qanadı olan İzzəddin əl-Qəssam Briqadalarının verdiyi açıqlamada, sözügedən pusqunun 1 iyun tarixində Cəbalə Qaçqınlar Düşərgəsinin şərqində yerləşən əl-Məbhuh məntəqəsi yaxınlığında həyata keçirildiyi bildirilib.
Açıqlamada qeyd olunub ki, Qəssam döyüşçüləri pusqu zamanı əl istehsalı partlayıcılar və raketatanlardan istifadə ediblər, İsrail əsgərləri ilə yüngül silahlarla silahlı qarşıdurma baş verib.
Həmin açıqlamada İsrail ordusuna məxsus zirehli personal daşıyıcısının “Yasin 105” raketi və “Şuvaz” tipli partlayıcı ilə məhv edildiyi vurğulanıb. Daşıyıcının içində olan əsgərlərin isə ya öldüyü, ya da yaralandığı qeyd edilib.
Bölgəyə dəstək məqsədilə gələn başqa bir İsrail birliyinin də hədəf alındığı və onların üzərinə güclü partlayıcının partladıldığı, hadisə zamanı bir “Hummer” tipli hərbi maşının vurulduğu, ölən və yaralananların olduğu bildirilib.
Qeyd edək ki, İsrailin 7 oktyabr 2023-cü ildən bəri Qəzza zolağına həyata keçirdiyi hücumlar nəticəsində ən azı 54 min 677 nəfər həyatını itirib, 125 min 530 nəfər isə yaralanıb.
TRT XƏBƏR
Lalə Qurbanlı