"Onların yola getməyəcəyi gözlənilən idi" -Barro

Bölmə: Siyasət › ,
Tarix: 19:23 06.06.2025

 

Fransanın xarici işlər naziri Jan Noel Barro ABŞ Prezidenti Donald Trampla milyarder İlon Mask arasında yaşanan gərginliyə münasibət bildirib.

Nazir siyasətlə ictimai maraqların bir araya sığmadığını qeyd edib.

“Düşünürəm ki, bu, gözlənilən idi. Bu ikisinin yola getməyəcəyi əvvəldən görünürdü”, – deyə o bildirib.

 

Mövzu ilə bağlı AĞ Partiyasının sözçüsü, siyasi analitik Cavanşir Abbaslı “İnformator.az”a açıqlamasında qeyd edib ki, Jan Noel Barronun  sözlərində həqiqət var:

 

"Fransalı nazirin dediklərində müəyyən həqiqətlər mövcuddur. Əlbəttə, siyasətlə ictimai maraqlar heç vaxt tam uyğunlaşmayıb. Elə buna görə də sonda Tramp və Mask arasında bu problem yaşandı. Bu gərginlik bir növ “iki qoçun başı bir qazanda qaynamaz” məsəlini xatırladır. Siyasətdə şəxsi yox, ümumi maraqlar ön planda tutulur. Şəxsi maraqlar önə keçəndə, təbii olaraq, bu cür münasibətlərin ömrü uzun olmur. Düşünürəm ki, bu münasibətdə daha çox qazanan tərəf Tramp oldu. Çünki Maskdan seçkilərdən bu günə qədər istədiyini ala bildi. Amma bir faktı da qeyd edim ki, belə əlaqələrin siyasətə təsiri çox da böyük olmur. Mask Amerika siyasətinə ciddi təsir edə biləcək, yaxud onu yönləndirə biləcək bir ictimai fiqur deyil. İstənilən halda fransalı nazirin Amerika siyasətinə bu şəkildə müdaxilə etməsinin heç bir mənası yoxdur və bu, doğru da deyil. Bu açıqlamanın beynəlxalq siyasətə təsiri ola bilməz. Birincisi, Mask siyasətə təsir göstərə biləcək şəxs deyil. İkincisi, fransalı nazir bu cür açıqlamalarla heç nə əldə edə bilməz. Çünki Tramp və Mask arasındakı əlaqələr artıq tamamilə qırılıb".

 

Siyasi analitik həmçinin bu gərginliyin ABŞ-yə müəyyən qədər ziyan vurduğunu da qeyd edib:

 

"Artıq 'Tesla' şirkətinin səhmləri bu gərginlik nəticəsində 9 faiz dəyər itirib. Bu da, təbii ki, böyük bir itki hesab oluna bilər. Lakin bu, ümumi dövlət üçün ciddi bir zərər sayılmaz. Çünki ABŞ böyük bir ölkədir və bu cür itkilər ümumi mənzərədə önəmli sayılmır. Hesab edirəm ki, bu gərginlik hələ bir müddət davam edəcək. Amma sonda uduzan tərəf milyarder olacaq. Bir deyim var: Dövlətlə dövlətçilik etmək olmaz".

 

 

Lalə Qurbanlı