"Sərt pəhrizlər depressiyaya səbəb ola bilər"

Bölmə: Sosial › ,
Tarix: 20:36 06.06.2025

Aşağı kalorili pəhrizlərdən sonra depressiya əlamətlərinin inkişaf ehtimalı daha yüksək olur.

 

Sərt pəhrizlər emosional pozğunluqlar və mənfi düşüncələr kimi koqnitiv-affektiv təzahürlərin intensivləşməsi ilə əlaqələndirilib. Fərdi qida komponentlərinin (məsələn, yağlar və ya karbohidratlar) məhdudlaşdırılması daha çox somatik simptomlarla müşayiət olunur: təşviş, gərginlik və yuxusuzluq.

 

Bu məsələ ilə bağlı həkim Adil Qeybulla “İnformator.az”a açıqlamasında bildirib ki, pəhriz seçərkən mütləq şəkildə peşəkar dietoloqa müraciət etmək vacibdir:

 

“Beyin toxuması canlı orqanizmdə ən yüksək inkişaf etmiş strukturlardan biridir və hipoksiyaya (oksigen çatışmazlığına) və qida əskikliyinə qarşı son dərəcə həssasdır. Qan təchizatının cüzi azalması və ya oksigenin bir anlıq kəsilməsi belə insanın huşunu itirməsinə səbəb ola bilər.

 

Bu səbəbdən bəzi pəhrizlər zamanı, xüsusilə aclıq hallarında, beyin toxuması zərərin əsas hədəflərindən birinə çevrilir. Orqanizmdə bütün maddələr daxili şəkildə sintez olunmur. Bəzi maddələr isə mütləq şəkildə xaricdən – yəni qida vasitəsilə qəbul olunmalıdır.

 

Orqanizm daxili ehtiyatlar hesabına qlükoza istehsal edə, onu parçalaya və enerjiyə çevirə bilir. Lakin bəzi maddələr – əvəzolunmaz aminturşular, doymamış yağ turşuları, vitaminlər və minerallar – yalnız xaricdən qəbul edilməlidir.

 

Bu maddələrin çatışmazlığı beyin hüceyrələri (neyronlar) və onların qarşılıqlı əlaqəsini təmin edən sinaptik sistemlərdə pozuntulara səbəb olur.

 

Nəticədə insanın düşünmə, qavrama və analiz etmə funksiyalarında pozulmalar müşahidə oluna bilər ki, bu da müxtəlif psixoloji problemlərlə müşayiət edilə bilər.

 

Bu səbəbdən sağlam pəhriz planı yalnız peşəkar dietoloq nəzarəti ilə tərtib olunmalıdır. Dietoloq yalnız arıqlamaq üçün deyil, eyni zamanda çəki artımının səbəblərini araşdıraraq, balanslı və sağlam qidalanma rejimi təyin edir".

 

Xədicə Məhərrəmli