Honkonqda Trampın Zelenskiyə "atəş açdığı" opera tamaşaya qoyulub

Tarix: 22:32 06.06.2025
Honkonqda ABŞ Prezidenti Donald Tramp haqqında opera səhnələşdirilib.
“İnformator.az” xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Tamaşada Ukrayna Prezidenti Volodimir Zelenski də qəhrəman obrazında yer alır. Səhnədə ABŞ зrezidentini canlandıran aktyor Ukrayna liderinin geyiminə istehza edir və ona su tapançası ilə atəş açır.
Bildirilib ki, "Tramp - prezidentin əkizi" adlı şou iyunun 5-də Tramp ilə Çin lideri Si Cinpin arasında baş tutan telefon danışığı zamanı Honkonqda nümayiş olunub.
Dramaturq Edvard Li tərəfindən qələmə alınan bu komediya ilk dəfə 2019-cu ildə səhnəyə qoyulub. O vaxtdan bəri tamaşanın süjeti üç dəfə dəyişdirilib.
Ən son versiyada Ağ Evdə Tramp və Zelenski arasında mübahisə səhnəsi əlavə olunub. Bundan əlavə, operada ABŞ prezidentinə qarşı sui-qəsd cəhdi də yer alır.