Tariflər Londonda müzakirə olunacaq

Bölmə: Dünya › ,
Tarix: 18:15 09.06.2025

 

ABŞ və Çin arasında qarşılıqlı tarif artımları ilə gərginləşən ticarət mübahisəsinin həlli məqsədilə aparılan danışıqların yeni mərhələsi Böyük Britaniyanın paytaxtı Londonda keçiriləcək.

 

ABŞ Prezidenti Donald Tramp aprelin 2-də Çin də daxil olmaqla bir sıra ticarət tərəfdaşlarına əlavə gömrük rüsumları tətbiq edəcəyini açıqlayıb. Çinin cavab verməsi ilə iki ölkə arasında başlayan tarif qarşıdurması nəticəsində ABŞ, Çindən idxal olunan mallara tətbiq etdiyi gömrük rüsumlarını 145 faizədək artırıb, Çin isə ABŞ mallarına 125 faiz gömrük rüsumu tətbiq edib. Gərginləşən ticarət münasibətlərindən sonra ABŞ və Çin rəsmiləri 10–11 may tarixlərində İsveçrənin Cenevrə şəhərində tarif danışıqları üçün görüşüb və qarşılıqlı gömrük rüsumlarının 90 gün müddətinə azaldılması barədə qərar qəbul ediblər. Lakin sonradan tərəflər bir-birini ittiham etməkdə davam ediblər.

 

ABŞ Prezidenti Tramp və Çin Sədri Si 5 iyun tarixində, iki ölkə arasında qarşılıqlı tarif artımları ilə yaranan ticarət gərginliyindən sonra ilk dəfə telefonla danışıb, söhbət zamanı tərəflər Cenevrədə əldə olunmuş razılaşmanın həyata keçirilməsi üçün nümayəndə heyətlərinin işini davam etdirməsi barədə razılığa gəliblər.

 

Hürriyet.com

Aygün Babayeva