Rusiyanın Ukraynaya dron və raket hücumunda 2 ölü, 13 yaralı

Bölmə: Dünya › ,
Tarix: 13:44 10.06.2025

 

Odesada doğum evi və ətrafdakı yaşayış binaları ciddi ziyan görüb. Vilayət prokurorluğunun məlumatına görə, bu şəhərdə 2 mülki şəxs həyatını itirib, 9 nəfər yaralanıb.

 

Paytaxt Kiyevdə isə 4 nəfər xəsarət alıb. Şəhərdə bir neçə saat davam edən partlayışlar və dron səsləri müşahidə olunub. AP jurnalistlərinin məlumatına görə, gecə boyunca dronların vızıltısı və bir neçə partlayış eşidilib.

 

Bu hücumlar Rusiyanın indiyədək həyata keçirdiyi ən genişmiqyaslı gecə dron hücumunun davamı kimi qiymətləndirilir. Bildirilir ki, bir neçə saat əvvəl Rusiya təxminən 500 dronla Ukraynaya hücum edib. Bu, Ukraynanın 1 iyun tarixində Rusiyanın uzaq hərbi hava bazalarına endirdiyi dron zərbələrinə cavab ola bilər.

 

Kiyev sakinləri hücum zamanı metro stansiyalarında sığınacaq axtarıblar. 32 yaşlı Nina Nosivets 8 aylıq körpəsi ilə birlikdə yeraltı sığınacaqda gizləndiyini bildirib: “Sadəcə, bu barədə düşünməməyə çalışıram. Körpəni sakitləşdirməyə çalışıram, çünki bu vəziyyəti onun üçün keçirmək daha çətindir”.

 

Kiyevdə yalnız dörd rayonda dronların qalıqlarının düşməsi nəticəsində yanğınlar baş verib. 25 yaşlı şəhər sakini Vasıl Pesenko bildirib: “Düşünürdüm ki, dron uzaqlaşacaq. Amma yaxınlaşdı və hər şey partladı".

 

Ukrayna ilə Rusiya arasında əsir mübadiləsi davam etsə də, İstanbulda keçirilən sülh danışıqlarına baxmayaraq atəşkəsə dair real ümidlər hələ də görünmür.

 

ANEWZ

Gülhüseynova Güllər