"İranla danışıqlar aparmalısan"-Trampdan Netanyahuya

Tarix: 13:46 10.06.2025
ABŞ Prezidenti Donald Tramp İranı hərbi əməliyyatla hədələyən İsrailin Baş naziri Benyamin Netanyahudan danışıqlar variantına üstünlük verməsini istəyib.
Tramp, İsrail Baş naziri Netanyahu ilə etdiyi telefon danışığı barədə mətbuat nümayəndələrinə məlumat verib.
Netanyahu ilə bir çox mövzunu müzakirə etdiyini bildirən Tramp, İran məsələsində də müzakirə yolunu təklif etdiyini söyləyib və belə deyib: “(Netanyahuya) İranla müzakirə etməlisən (dedim). Belə daha yaxşı ola bilərsən. Bu, sənə verə biləcəyim günün fikri ola bilər. Haydı, qalx və müzakirə apar”.
Tramp dağıntı və ölüm olmayacaq bir anlaşma etməyə çalışdıqlarını qeyd edərək, “Bunu onlara da dedim. Ümid edirəm ki, bu yol işləyər, işləməyə də bilər – yaxın zamanda görəcəyik”, – deyə danışıb.
ABŞ-nin cümə axşamı İranla görüşü olacağı məlumatını paylaşan Tramp bildirib: “O vaxta qədər gözləyəcəyik. Onlar imtina etmək istəmirlər. Amma imtina etməli olduqları şey uranın zənginləşdirilməsidir. Biz isə bunun tam əksini istəyirik”.
Tramp, İranın hələlik danışıqlarda ABŞ-nin istədiyi mövqedə olmadığını vurğulayaraq belə deyib: “Bunu deməyə nifrət edirəm, çünki alternativi çox, çox pisdir və onlar hələ orada deyillər. Anlaşma ilə bağlı fikirlərini bizə bildirdilər. Mən də dedim ki, bu, qəbuledilən deyil”.
ABŞ Prezidenti Donald Tramp 7 mart tarixində “Fox Business Network” telekanalına verdiyi müsahibədə İranın ali lideri Əli Xameneiyə məktub göndərdiyini açıqlayıb.
Tramp, “Onlara belə bir məktub yazdım: ‘Ümid edirəm ki, müzakirə edərsiniz, çünki hərbi müdaxilə etməli olsaq, bu dəhşətli bir şey olacaq’” ifadəsini işlədib.
Xamenei isə 8 martda etdiyi çıxışda bildirib ki, ABŞ-nin müzakirə tələbi problemləri həll etmək üçün deyil, öz tələblərini qəbul etdirmək və hökmranlıq qurmaq məqsədi daşıyır və İran bunu qəbul etməyəcək.
Beynəlxalq mediada isə İranın Birləşmiş Ərəb Əmirliklərinin vasitəçiliyi ilə ABŞ ilə dolayı danışıqlar aparmaq təklifini qiymətləndirdiyi bildirilib.
Hər iki ölkə daha əvvəl də Oman vasitəçiliyi ilə müxtəlif səviyyələrdə dolayı danışıqlar aparıb.
TRT XƏBƏR
Lalə Qurbanlı