"Mədəni tədbirlərin turizmin inkişafına təsiri"

Tarix: 18:57 11.06.2025
Mədəni tədbirlər müasir turizmin ayrılmaz hissəsinə çevrilib. Festival, sərgi, konsert və digər tədbirlər vasitəsilə ölkələr öz mədəni irsini və ənənələrini geniş auditoriyaya təqdim edirlər. Belə tədbirlər yalnız yerli sakinlər üçün deyil, xarici turistlər üçün də maraqlı və cəlbedici olur. Turistlər ölkəyə səfərləri zamanı bu tədbirlər sayəsində yerli mədəniyyətlə yaxından tanış olur, yeni təcrübələr qazanırlar. Eyni zamanda, mədəni tədbirlər turizm axınının artmasına, yerli iqtisadiyyatın canlanmasına və ölkənin beynəlxalq imicinin möhkəmlənməsinə mühüm töhfə verir.
Bu mövzu ilə bağlı Turizm eksperti Ceyhun Aşurov "İnformator.az"a bildirib ki, mədəni tədbirlər, turizmin ayrılmaz bir tərkib hissəsidir:
“Festivallar, sərgilər, konsertlər kimi tədbirlər ara-sıra keçirilir, xüsusən aşağı sezonlarda, yəni turistlərin daha az gəldiyi mövsümlərdə. Bu kimi tədbirlərin keçirilməsi turistlərin marağına səbəb olur. Festivalların keçirilməsi əlavə canlılıq yaradaraq, il boyu müəyyən dövrlərdə baş tutur.
Təbii ki, bu proseslərə müəyyən sosial qruplar, icmalar və lokal insanlar cəlb olunur. İstər burada mətbəx nümunələrinin təqdim edilməsi, istərsə də yerli sənətkarlıq nümunələri, milli-mədəni elementlər, rəqslər, çalğı alətləri və musiqilərin nümayişi mədəniyyətimizin tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir və xarici turistlər üçün yerli mədəniyyəti tanımaq imkanı yaradır”.
Ekspert qeyd edib ki, bunun həm də iqtisadi dəyəri var:
“ Unudulmaqda olan adət-ənənələrin gözəl şəkildə təqdim olunması, mədəni körpülərin qurulması və sosial baxımdan insanların məşğulluğuna töhfə verilməsi baxımından əhəmiyyətlidir. Bu cür təcrübələr turizm sahəsində müəyyən maraq qrupları və seqmentlər üçün xüsusi əhəmiyyət kəsb edir.
Eyni zamanda, Azərbaycanda olan turistlər — istər yerli, istərsə də xarici — bu kimi tədbirlər vasitəsilə həm yerli mədəniyyətləri öyrənmək imkanı əldə edir, həm də gözəl bir asudə vaxt keçirirlər.
Bu kimi tədbirlər ara-sıra keçirilir. İstər mətbəxə aid tədbirlərdə, məsələn, kulinariya festivallarında, istərsə də caz və piano festivallarında — məsələn, Bakıda və Qəbələdə keçirilən piano festivallarında — maraq qrupları bu mötəbər tədbirlərdə iştirak edir. Həmin tədbirlər yeni əlaqələrin qurulmasına xidmət edir.
Beləliklə, bu tədbirlər həm iqtisadi, həm də sosial cəhətdən yerli icmaların proseslərə cəlb olunmasını təmin etməklə dayanıqlı turizm sisteminin formalaşmasına xidmət edir”.
Xəlilli Nigar