Air India təyyarəsi təcili eniş edib

Tarix: 14:18 13.06.2025
Tailandın Pxuket şəhərindən Hindistanın Yeni Dehli şəhərinə uçan Air India aviaşirkətinə məxsus sərnişin təyyarəsi bomba təhlükəsi səbəbilə cümə günü təcili eniş etməli olub. Hadisə nəticəsində təyyarədə olan 156 sərnişin təhlükəsiz şəkildə təxliyə edilib.
Tayland hava limanı rəsmilərinin verdiyi məlumata görə, AI 379 saylı reys saat 09:30-da (yerli vaxtla) Pxuket Beynəlxalq Hava Limanından havaya qalxıb. Ancaq qısa müddət sonra Andaman dənizi üzərində geniş bir döngə edərək Pxuketə geri dönüb və təcili eniş həyata keçirib. Bu məlumat Flightradar24 uçuş izləmə sistemindən əldə olunub.
Tayland Hava Limanları İdarəsi (AOT) tərəfindən verilən açıqlamada qeyd olunub ki, sərnişinlər fövqəladə hallar protokoluna uyğun olaraq təhlükəsiz şəkildə təyyarədən çıxarılıb. Təhdidin dəqiq təfərrüatları isə hələlik açıqlanmayıb.
Air India hadisə ilə bağlı rəsmi açıqlama verməyib.
ANEWZ
Gülhüseynova Güllər