Azərbaycan rəqsləri: Milli kimliyimizin hərəkətdə ifadəsi

Bölmə: Mədəniyyət › ,
Tarix: 16:11 18.06.2025

Azərbaycan rəqsləri xalqımızın tarixini, mədəniyyətini və mənəvi dünyasını hərəkət dili ilə ifadə edən zəngin sənət növüdür. Bu rəqslər əsrlər boyu nəsildən-nəslə ötürülərək milli kimliyimizin ayrılmaz hissəsinə çevrilmişdir. Hər bölgənin özünəməxsus ritmi və rəqs üslubu mədəni irsimizin rəngarəngliyini əks etdirir. Rəqslər təkcə musiqi ilə müşayiət olunan hərəkətlər deyil, həm də xalqın sevincini, kədərini və yaşam tərzini simvolizə edir. Müasir dövrdə Azərbaycan rəqsləri həm ölkə daxilində, həm də beynəlxalq səhnələrdə böyük maraqla qarşılanır. Onların qorunması və gələcək nəsillərə ötürülməsi milli dəyərlərimizin yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır.

 

Bu mövzu ilə bağlı açıqlamasında rəqs müəllimi Çinarə Ələkbərova “İnformator.az”a bildirib ki, hər bölgəmizin özünə məxsus rəqsləri var:

 

Bunu adətən yallı rəqslərində görə bilərik — hər bölgənin özünə məxsus yallısı var. Yallı qədim rəqslərimizdən biridir. Hətta Qobustanda qayaüstü rəsmlərdə də bunu görə bilərik — orada insanların əl-ələ dövrə gəzmələri təsvir olunur. Yallı birlik rəqsidir. Belə ki, hər bölgəyə özünə məxsus yallısı var, məsələn, Şərur yallısı və s.


Hər bir insan öz milli folklorunu, tarixini, mədəniyyətini bilməlidir. Bilirəm, orta məktəblərdə musiqi dərsləri var, milli musiqimizdən dərsliklərdə bəhs olunur. Amma rəqslərdən bu dərslərdə söz açılır ya yox, onu dəqiq deyə bilmərəm.


Məncə, orta məktəblərdə musiqi dərsində və ya Azərbaycan tarixi dərsliklərinə mütləq milli rəqslər də salınmalıdır. Bizim milli musiqilərdən, bəstəkarlarımızdan, rəqslərimizdən və korifey rəqqaslarımızdan yazılmalıdır.


Düşünürəm, belə qoruyub saxlaya bilərik milli folklorumuzu. Mən özüm də uşaqlara dərs deyirəm və uşaqlara bizim rəqslərdən danışıb öyrədirəm. Bilirəm ki, bizim çox uşaq ansambllarımız var.


Məsələn, Türkiyədə ‘23 Nisan – Ulusal Egemenlik ve Çocuk Bayramı’ var — orada bizim rəqs kollektivlərimiz çıxış edir və milli rəqslərimizi ifa edir, Azərbaycan milli rəqslərlə ölkəmizi təmsil edirlər. Mən özüm də uşaqlıqda həmin tədbirlərdə iştirak etmişəm. Əvvəllər uşaqlıqda, sonralar isə ‘Cəngi’ estrada və folklor ansamblında çalışaraq Azərbaycanı bir neçə ölkədə təmsil etmişəm.”


Xəlilli Nigar