Kiyevdən Rusiya ilə bağlı bəyanat-Ən böyük hücumlardan biri

Bölmə: Siyasət › ,
Tarix: 14:21 20.06.2025

 

Ukrayna beynəlxalq ictimaiyyətdən Kiyevin kütləvi atəşə tutulmasını pisləməyi,onun müdafiə qabiliyyətini dəstəkləməyi və Rusiyaya təzyiqi artırmağı tələb edir.

 

Bu barədə Ukrayna Xarici İşlər Nazirliyi bəyanat yayıb.

 

Bəyanatda iyunun 17-nə keçən gecə baş verən hücumun müharibənin ən böyük hücumlarından biri olduğu qeyd edilib.

 

Rus işğalçıları mülki əhalini və mülki infrastrukturu, xüsusən yaşayış binalarını, təhsil müəssisəsini və sənaye obyektlərini hədəf alıblar:

 

“Biz əminik ki, Putin G7 liderlərinin zəif görünməsi üçün G7 sammiti zamanı qəsdən bu hücumun həyata keçirilməsini əmr edib. O, qəsdən beynəlxalq sülh səylərinə, xüsusən də ABŞ-nin səylərinə tamamilə məhəl qoymadığını nümayiş etdirir”.

 

Qeyd edək ki, ötən gün Rusiya ordusu Kiyevə raket və PUA-larla hücum edib. Ukrayna Daxili İşlər Nazirliyi hücum nəticəsində 14 nəfərin öldüyünü, 60-dan çox yaralının olduğunu bildirib.

 

Mövzu ilə bağlı politoloq Həşim Səhrablı “İnformator.az” a açıqlamasında bildirib ki,əlbəttə, Rusiyanın G7 görüşü ərəfəsində, daha doğrusu həmin görüşlə üst-üstə düşən tarixlərdə Ukraynaya kəsərli hücumlar etməsi, dağıdıcı zərbələr endirməsi Rusiyanın gövdə göstərişi kimi də başa düşülməlidir:

 

“Onsuz da bundan əvvəl Rusiya tərəfi açıq-aşkar bütün Qərbə, eləcə də G7 ölkələrinə ayrı-ayrılıqda və ya kollektiv şəkildə, ümumiyyətlə, bütün Avropaya meydan oxuyaraq bildirib ki, biz Ukrayna ilə döyüşmürük, biz kollektiv Qərblə döyüşürük. İndi bu rəsmi mövqelərdən sonra raketlərin endirilməsi, sözügedən zərbələrin G7 görüşü ərəfəsində baş verməsi təsadüf deyil, heç gözlənilməz hal kimi də qiymətləndirilməməlidir. Bu tamamilə təbii bir haldır. Nəyə görə təbiidir? Çünki Rusiya əvvəllər olduğu kimi indi də məqsədlərinin daha ali olduğunu və məqsədlərinə çatmaq üçün heç kimdən çəkinmədiyini, qorxmadığını göstərir. Yəni ən azından bu mesajı verir .Həm ABŞ-yə, həm digər G7 ölkələrinə, həm də bütün Avropaya.

 

Ukraynanın bu hücumları necə adlandırmasına gəldikdə isə, əgər həqiqətən iddia etdikləri kimi hücumlar tamamilə mülki infrastruktura, sivil insanlara zərər veribsə və tam olmasa belə, qismən də olsa, yəni ümumiyyətlə, sivil hədəflər raketlə vurulubsa, mülki insanlar həlak olublarsa, onda Ukrayna tərəfi bu hücumu sənədləşdirərkən və ya ifadə edərkən Rusiya dövləti tərəfindən məntiqli şəkildə həyata keçirilən dövlət terroru kimi qiymətləndirə bilər. Çünki, yazılıb-yazılmamasından asılı olmayaraq, müharibələr dövlətlər arasında baş verən proseslərdir və sivil insanları, sivil hədəfləri, sivil xarakterli hər şeyi müdafiə etməlidir. Sivil olan heç bir şey müharibələrdən, döyüşlərdən zərər görməməlidir. Rusiya tərəfi bunu etmirsə, ya etmək istəmir, ya da professional səviyyədə bunu ayıra bilmir – sivil hədəfləri hərbi hədəflərdən fərqləndirə bilmir – bu, əlbəttə məsuliyyətdir. Ukrayna tərəfi də buna görə məsuliyyətini dərk etməyən və yerinə yetirməyən Rusiya tərəfini istədiyi şəkildə adlandıra bilər.

 

Həşim Səhrablı əlavə edib ki, o ki qaldı G7 və ABŞ-nin Ukraynanın müdafiəsini gücləndirməsi məsələsinə, burada atılacaq addımlar bəllidir:

 

“Joe Biden administrasiyası dövründə Ukraynanın müdafiə xətti necə gücləndirilmişdir? Yadınızdadırsa, Rusiya ordusu ilk günlərdən Kiyevin bir neçə kilometrliyinə qədər gəlib və çox qızğın döyüşlər gedib. Hətta müharibə yeni başladığı üçün Rusiya ordusunun canlı gücü də yorulmamışdı, hərbi-texniki imkanları tam idi. Bu gün müəyyən qədər itkilər veriblər. O reallıqda belə Ukraynaya ABŞ və ya digər Avropa dövlətlərindən gələn dəstəklər nəticəsində şahid olduq ki, Ukrayna ordusu Rusiya ordusunu geri püskürdə bilib, hətta Kiyev düşməyib, Rusiya ordusuna ciddi zərbələr vurulub.

 

Ediləcək şey bəllidir: yenidən Ukraynanın maddi-texniki bazası, xüsusən müasir silahlarla zənginləşdirilərək daha güclü hala gətirilməlidir. Eyni zamanda, Ukraynada yaşanan canlı qüvvə probleminin həlli üçün muzdluların döyüşə qatılmasını asanlaşdırmaq üçün maddi vəsaitlərin toplanması da vacibdir ki, məhz muzdlularla Ukrayna tərəfi Rusiyaya qarşı müdafiə xətlərini gücləndirə bilsin. Amma əsas məsələ muzdlulardan daha çox Ukraynanı texniki cəhətdən gücləndirməkdir. Onu müasir silahlarla təmin etmək və ona qarşı beynəlxalq dəstək kampaniyasını yenidən başlatmaqdır.

 

Görürük ki, bu gün ABŞ bunu etmir. Hətta bir çox hallarda Tramp, sırf Zelenskiyə və ya onun iqtidarına zərər vermək üçün bunun əksini edir.

 

Digər G7 ölkələrinə gəldikdə isə, açığı, ABŞ rəhbərliyi olmadan onların ciddi yardım edə biləcəyinə inanmıram. Onlar texniki cəhətdən ABŞ qədər inkişaf etməyib, həm də Rusiya ilə müqayisədə təsirləri azdır. Məsələn, Almaniya Ukraynaya nə qədər həlledici dəstək göstərə bilər ki, özü enerji baxımından Rusiyadan asılıdır? Yaxud Fransa. Onların birtərəfli dəstəkləri Rusiyanın malik olduğu hərbi-texniki imkanlarla müqayisədə qısıqlıdır. Bu yardımlar bəlkə faydalı ola bilər, amma həlledici olmayacaq. Bu nöqtədə mən düşünürəm ki, ABŞ önəmlidir. ABŞ yardıma yenidən rəhbərliyi öz əlinə almalıdır və istər G7, istərsə də digər Ukrayna dəstəkçisi dövlətləri öz ətrafında birləşdirərək yeni kampaniyaya başlamalıdır. Hər halda Ukraynanın məğlubiyyəti qaçınılmaz olacaqsa, bu məğlubiyyət Vladimir Putinin, Sergey Lavrovun dediyi kimi, əslində Kiyevin yox, kollektiv Qərbin məğlubiyyəti olacaq. Bundan sonra mənə elə gəlir ki, dünyanın heç bir ölkəsində Amerikaya inanan, güvənən güclülər artıq Amerika ilə bu qədər yaxın bağlarını sorğulayacaq, Amerikaya olan güvənlərini sarsıdacaqlar. Bu da Vaşinqtonun dünyəvi təsirini azalda bilər.

 

Məhz ona görə də indi yəqin ki, Vaşinqtonda Kiyevin düşməməsi, yaxud Trampın iddia etdiyi kimi, hər iki tərəf üçün də məqbul olan şərtlərin formalaşdırılması üçün təsir iştiraklarını işə salmaq üzərində düşünürlər.

 

Yaxın Şərqdə baş verən, yəni İran-İsrail qarşıdurması fonunda oradan diqqət yayılmış kimi görünsə də, əslində biz görürük ki, Qərb dövlətləri, o cümlədən Amerika daxilində müəyyən dairələr Ukrayna məsələsini unutmurlar, diqqətlərini saxlayırlar və Ukraynanın müdafiəsini ciddi məsələ kimi gündəliklərində saxlayırlar”.

Mahmudlu Ləman