Azərbaycan musiqisinin keçmişi, bu günü və sabahı

Tarix: 18:27 20.06.2025
Azərbaycan musiqisi zəngin tarixi və dərin mədəni kökləri ilə yalnız bir sənət növü deyil, həm də xalqımızın mənəvi dünyasının ifadəsidir. Muğam, təsnif, aşıq havaları, xalq mahnıları və müasir janrlarda bəstələnən əsərlər xalqın keçmişini, yaşantılarını və dünyagörüşünü əks etdirir. Zaman keçdikcə musiqimiz yeni nəfəs, yeni texnologiyalar və müxtəlif musiqi axınları ilə sintez olunaraq inkişaf edir. Müasir dövrdə Azərbaycan musiqiçiləri həm ənənəvi dəyərləri qorumağa, həm də dünya musiqi məkanında öz yerini möhkəmləndirməyə çalışırlar. Musiqi təkcə keçmişin yaddaşı deyil, eyni zamanda bu günün səsi və sabahın yol göstəricisidir. Bu baxımdan, Azərbaycan musiqisinin inkişaf mərhələlərinə nəzər salmaq və onun gələcək istiqamətlərini dəyərləndirmək olduqca vacibdir.
Bu mövzu ilə bağlı açıqlamasında musiqişünas Aytən Baxşıyeva "İnformator.az"a bildirib ki, dərin köklərə malik Azərbaycan musiqisinin tarixi inkişafı çoxşaxəli və mərhələli şəkildə baş verib:
“Ən qədim dövrlərdən başlayaraq xalqımız öz mənəvi dünyasını musiqi vasitəsilə ifadə edib. Muğam, aşıq sənəti, xalq mahnıları kimi janrlar minilliklər boyu formalaşaraq bugünkü zəngin musiqi irsinin əsasını təşkil edib.
XIX əsrin sonu və XX əsrin əvvəlləri Azərbaycan musiqisində əsaslı dönüş nöqtəsi hesab olunur. Məhz bu dövrdə Üzeyir Hacıbəyli kimi dahi və onun müasirləri milli musiqi ilə Qərb musiqisinin sintezinə nail olaraq, yeni bir istiqamətin – peşəkar musiqi məktəbinin əsasını qoydular. Üzeyir bəy “Leyli və Məcnun” operasını yaratmaqla Şərqdə ilk operanın müəllifi kimi tarixə düşdü. Bu dövr həm də ilk notlaşdırmaların, tədris sistemlərinin formalaşması ilə yadda qaldı.
XX əsr boyunca Azərbaycan musiqisi həm Sovet təsiri altında, həm də milli özünəməxsusluğunu qorumaqla inkişaf etdi. Bu gün isə artıq müasir texnologiyalarla sintez olunmuş, beynəlxalq standartlara cavab verən musiqi nümunələri yaranır və dünya səhnələrində təqdim olunur.
Bu inkişaf yolunda Üzeyir bəyin adını daşıyan Bakı Musiqi Akademiyası və onun nəzdində fəaliyyət göstərən İxtisas musiqi məktəb-studiyası kimi təhsil ocaqları xüsusi rol oynayır. Burada Üzeyir Hacıbəylinin qoyduğu pedaqoji və estetik ənənələr qorunur, davam etdirilir və yeni nəsillərə ötürülür.”
Müasir dövrdə gənc musiqiçilər qarşılarında iki vacib məqsəd görürlər: milli musiqi köklərini qorumaq və müasirliyin tələblərinə cavab verən musiqi yaratmaq. Bu balansı qorumaq isə təbii ki, həm bacarıq, həm də düzgün təlim və istiqamətləndirmə tələb edir.
Bu gün gənclər muğam, aşıq yaradıcılığı, xalq musiqisi və klassik bəstəkarlıq irsini dərindən mənimsəməklə yanaşı, eyni zamanda caz, elektron musiqi, müxtəlif simfonik janrlar və dünya musiqi tendensiyaları ilə də maraqlanırlar. Həmin sintez nəticəsində orijinal və universal musiqi nümunələri yaranır. Lakin hər bir işdə sənətə və yaradıcılığa peşəkarlıqla yanaşmaq vacib amildir.
Milli musiqimizin gələcəyi parlaq və perspektivlidir, lakin bu inkişafı təmin etmək üçün bir neçə mühüm addım mütləq şəkildə atılmalıdır:
Təhsilin keyfiyyətinin artırılması – Gələcək musiqiçilərin yetişdirilməsi üçün musiqi məktəblərində və ali təhsil ocaqlarında həm ənənəvi, həm də müasir proqramlar işlənməlidir.
Texnologiyanın tətbiqi – Musiqi irsinin rəqəmsallaşdırılması, virtual, interaktiv resursların yaradılması və onlayn dərs platformalarının istifadəsi genişləndirilməlidir.
Milli irsin təşviqi – Muğam, aşıq sənəti və digər xalq musiqi janrları həm ölkə daxilində, həm də beynəlxalq miqyasda təbliğ olunmalıdır.
Yaradıcılıq üçün şərait – Gənc musiqiçilərə öz layihələrini reallaşdırmaq, festivallarda, müsabiqələrdə iştirak etmək və yeni əsərlər üzərində işləmək üçün dəstək verilməlidir.
Aytən Baxşıyeva sonda qeyd edir:
“Düşünürəm ki, respublikada fəaliyyətdə olan musiqi və incəsənət müəssisələri gənc musiqiçilərin fərdi inkişafına yönəlmiş proqramlar ilə milli musiqimizin sabahını daha güclü və rəngarəng etmək üçün çalışır.”
Xəlilli Nigar