Teatr aktyorluğunda duyğuların sirləri-Rolun dərinliyi

Bölmə: Mədəniyyət › ,
Tarix: 13:53 26.06.2025

Teatr sənəti insan təcrübəsinin mürəkkəb qatlarını səhnəyə gətirən ən qədim və dərin ifadə vasitələrindən biridir. Aktyor üçün rol yalnız xarakterin təqlidindən ibarət deyil, o, bir şəxsiyyətin psixoloji, emosional və fiziki bütün aspektlərini özü üzərində daşımaqdır. “Rol geyinmək” prosesi sənətin mahiyyətinə toxunan, yüksək səviyyədə hazırlıq, konsentrasiya və daxili transformasiya tələb edən mürəkkəb bir fəaliyyət növüdür. Bu baxımdan, aktyorun roluna yanaşması və onu həyatlandırması teatrın estetik və fəlsəfi dəyərlərinin mərkəzində dayanır.


Bu mövzu ilə bağlı açıqlamasında aktyor Şövqi Hüseynov "İnformator.az"a bildirib ki, bildiyimiz kimi, teatrda müxtəlif yanaşmalar, məktəblər və cərəyanlar mövcuddur:


"Lakin bunların hamısı bir özül üzərində qurulmuş ikinci, üçüncü, dördüncü və s. mərtəbələrdir. Mənim fikrimcə, bu özül – ilk mərtəbə – psixoloji realizm, yəni Stanislavski məktəbidir. Məhz bu baza üzərində müxtəlif teatr sistemləri və yanaşmaları formalaşa bilər. Yetər ki, həmin birinci mərtəbə – psixoloji realizm – unudulmasın. Əgər biz bu əsas prinsipi nəzərdən qaçırsaq, onun üzərində dayanan heç bir teatr forması dayanıqlı ola bilməz.


Hazırda Azərbaycan teatrında da teatr məktəbimizin əsasında bu prinsip dayanır. Ən uğurlu tamaşalar – yanaşmasından və məktəbindən asılı olmayaraq – əgər psixoloji realizm, yaşama məktəbinə toxunursa, mütləq müvəffəqiyyət qazanır.


Bu gün texnologiya əsridir və tamaşaların hazırlanmasında müxtəlif texnoloji vasitələrdən geniş istifadə olunur. Bu, sevindirici haldır. Çünki texnologiya tamaşanın tamaşaçıya daha aydın, müasir və təsirli şəkildə çatdırılmasında mühüm rol oynayır. Lakin bu texnoloji imkanlar da bizi xilas edə bilməz, əgər səhnədə "insan" yoxdursa. Yenidən psixoloji realizm məktəbinə qayıdıram – əgər səhnədə canlı insan və onun yaşantıları yoxdursa, texnologiya heç bir nəticə verməyəcək.


Texnologiyalar çox vacib və faydalıdır – o zaman ki, onlar insan obrazının formalaşmasına, səhnədəki insan varlığının güclənməsinə xidmət edir. Bu zaman onların istifadəsi həm zəruri, həm də faydalı olur. Sevindirici haldır ki, son dövrlərdə müxtəlif teatrlarımızda bu texnologiyalardan uğurla istifadə olunur. Amma bir daha vurğulayıram: əgər səhnədə canlı insan varsa, bu cür tamaşalar mütləq uzunömürlü olur.


Şəxsi təcrübələr isə bu yanaşmada “assosiativ yaddaş” adlanır. Mütləq şəkildə aktyorun şəxsi təcrübəsi və müşahidələri olmalıdır. Bizim yaratdığımız obrazlar real həyatda gördüyümüz prototiplərə, müəyyən məqamlara əsaslanır. Bu şəxsi təcrübə və müşahidələr rolun yaranmasında istifadə olunmalıdır. Çünki bu zaman rol daha orqanik, daha inandırıcı alınır. Tamaşaçı ilə aktyor arasında bağ daha güclü olur. Tamaşa müddətində aktyor səhnədə, tamaşaçı isə zalda olsa da, onlar bu məqamlarda bir-birinə daha da yaxınlaşır. Bu, olduqca vacib məsələdir".


Xəlilli Nigar