Gənclərdə səssiz çöküş-Panik atak gerçəyi

Tarix: 17:44 01.07.2025
Son illər Azərbaycanda, xüsusilə də gənclər arasında panik atak, təşviş (anksiyete) pozuntusu və qəfil emosional çöküş hallarının sayı artmaqdadır. Universitet tələbələri, yeni iş həyatına başlayanlar və hətta məktəblilər belə bu vəziyyətdən əziyyət çəkirlər. Mütəxəssislər bildirirlər ki, sosial media təzyiqi, gələcəklə bağlı qeyri-müəyyənlik, maddi və akademik stress bu problemlərin əsas qaynaqlarıdır.
Mövzu ilə bağlı psixoloq Aytən Ələkbərova “İnformator.az”a açıqlamasında panik atak və onun səbəbləri ilə bağlı bunları bildirib:
“Həqiqətən də son dövrlər tələbələr, gənclər və hətta hamilə qadınlar arasında panik atak hallarına daha çox rast gəlinir. Bu vəziyyətin kökü uşaq yaşlarından başlayır – valideyn və müəllimlərin imtahan qorxusu yaratması, ‘sinifdə qalacaqsan’, ‘səni məktəbdən qovacaqlar’ kimi təzyiqlər uşaq psixikasında yığılıb böyüyür və gənclik dövründə emosional partlayışa səbəb olur”.
Psixoloq qeyd edir ki, panik atak adi stresslə qarışdırılmamalıdır:
“Panik atak ani ürək döyüntüsü, tərləmə, nəfəs darlığı, başgicəllənmə və ölüm qorxusu ilə müşayiət olunur. Bu, adi stressdən fərqli olaraq 3-4 qat daha ağır emosional təzyiq yaradır. İnsan sanki ürəyi yerindən çıxacaqmış kimi hiss edir və bu, bəzən somatik simptomlara – mədə ağrısı, ürəkbulanma kimi hallara da səbəb olur”.
Niyə xüsusilə gənclər arasında yayılıb?
Aytən Ələkbərova sözlərinə görə, gənclərdə bu hallar cəmiyyətin onlara qoyduğu yüksək gözləntilərlə bağlıdır:
“Gənclər bir tərəfdən təhsil, digər tərəfdən karyera və sosial görünüş baxımından böyük təzyiq altındadırlar. Sosial mediada ‘ideal’ həyatları görüb özlərini onlarla müqayisə edirlər. Həmçinin, ailələrin təhsil uğuruna həddən artıq önəm verməsi, uşaqda uşaq yaşlarından başlayaraq təşviş yaradır”.
Panik atak keçirən biri nə etməlidir?
Psixoloqun tövsiyəsi belədir:
“İlk olaraq nəfəs məşqləri və sakit bir məkanda qalmaq faydalıdır. Amma bu hal təkrarlanarsa, mütləq psixoloqa müraciət edilməlidir. Panik atak və təşviş pozuntusu vaxtında mütəxəssis yardımı ilə idarə olunmazsa, bu hal xronik depressiyaya, sosial fobiyaya və digər psixoloji pozuntulara səbəb ola bilər. İnsanlar bəzən utandıqları üçün ya da yaxın ətrafdan qınaq görməkdən qorxduqları üçün mütəxəssisə getmirlər. Amma psixoloqla rahat ünsiyyət qurmaq, panikanın azaldılmasında əsas addımdır”.
Aytən Ələkbərova bildirir ki, təəssüf ki, bu gün bir çox gənc antidepresantlarla gündəlik həyatını davam etdirməyə çalışır. Halbuki əsas həll yolu problemin kök səbəbinin üzə çıxarılması və psixoloji dəstəkdir:
“Biz gəncləri dərmanlarla deyil, vaxtında edilən düzgün psixoloji müdaxilə ilə xilas edə bilərik”.
Solmaz Muradova