Tezliklə Qəzzada atəşkəs əldə oluna bilər

Bölmə: Siyasət › ,
Tarix: 21:22 01.07.2025

 


"Qəzzada vəziyyət qorxuncdur və düşünürəm ki, yaxın bir həftə ərzində atəşkəs əldə olunacaq. Bu yaxın zamanda Qəzzada atəşkəs olacaq. Bu mövzuda mühüm irəliləyişlər var. Sürprizlər ola bilər, amma prosesi yaxından izləyirik", - Tramp deyib.


Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə "İnformator.az"a açıqlamasında bildirib ki, əksinə son bir neçə gündə biz İsrail tərəfindən Qəzza ərazisində insanların sıx yerləşdiyi ərazilərə aktiv şəkildə zərbələr endirildiyini və xeyli sayda insanın öldüyünü müşahidə edirik:


"Trampın Qəzzada atəşkəsin mümkünlüyünə dair verdiyi son bəyanatın özündə nəyi ehtiva etdiyi hələ ki, məlum deyil. Nə İsrail, nə də Həmas tərəfədən də hələ ki, bu istiqamətdə hər hansı şərh verilməyib. Əksinə son bir neçə gündə biz İsrail tərəfindən Qəzza ərazisində insanların sıx yerləşdiyi ərazilərə aktiv şəkildə zərbələr endirildiyini və xeyli sayda insanın öldüyünü müşahidə edirik.
Vəziyyət isə həqiqətən də qorxuncdur. Bir tərəfdən hərbi əməliyyatlar, digər tərəfdən isə ərzaq və su çatışmazlığı böyük böhran yaradıb. İsrail və Həmas arasında əvvəllər əldə olunmuş razılşamalar artıq bir kənara atılıb. Preizdent Trampın Qəzzanın boşaldılması və ABŞ-nin nəzarətinə verilməsi ilə bağlı əvvəlki təklifindən imtina edib-etmədiyi də hələ ki, məlum deyil.
Təbii ki, hansısa danışıqların getməsi ehtimalı var. Çünki ABŞ adminstrasiyası son iki həftədir ki, tərəflərə atəşkəslə bağlı çağırışlar edərək hansısa təkliflərlə çıxış edir. Bu təkliflərin dəqiq nədən ibarət olunduğu bilinməsə də girov və əsirlərlə və elcə də Qəzzanın sonrakı taleyi ilə bağlı olduğunu ehtimal etmək olar.
Nəzərə alaq ki, Həmas bundan əvvəl İsrail əsgərlərinin Qəzza zolağını tərk etməsi müqabilində silahı yerə qoyub Qəzzanın idarəçiliyindən imtina edə biləcəyinə dair bəyanatlarla çıxış edib. Amma İsrail Qəzzaya hansısa formada nəzarətdə israrlıdır. Odur ki, indi Tramp adminstrasiyasının hər iki tərəfi razı sala biləcək hansısa təkliflə çıxış edəcəyi maraq doğurur.
Yaxın zaman ərzində atəşkəsin əldə olunması istiqamətində həqiqətən də hansısa irəliləyiş olacaqsa bu Qəzzada yaşanan fəlakətin aradan qaldırılması üçün olduqca mühüm addım olacaq. Düşünürəm ki, Tramp buna nail ola bilər. Bunun üçün İsrailin bu və ya digər şəkildə razı salınması lazımdır ki, bunu da indiki mərhələdə Trampdan başqa heç kim edə bilməz".

Səmayə Səftərova