Qida əlavələri (E kodları) -Nəyi bilməliyik?

Bölmə: Sosial › ,
Tarix: 17:29 07.07.2025

E kodları müasir qida sənayesinin ayrılmaz hissəsidir, lakin bu, o demək deyil ki, onların hamısı təhlükəsizdir. Qida alarkən tərkib hissələrinə baxmaq, xüsusilə uşaqlar, allergiyası olanlar və həssas insanlar üçün diqqətli olmaq vacibdir. Mümkün qədər emal olunmamış, təbii məhsullara üstünlük vermək sağlam qidalanmanın əsas prinsiplərindəndir.

 

Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova “İnformator.az”a açıqlamasında bildirib ki, E kodları qida qatqı maddələrinə Avropa Birliyinin verdiyi başlıqdır:

 

“Orada qida qatqı maddələrini kodlaşdırırlar. Qida məhsullarına bir çox qida əlavələri əlavə olunur və onların heç də hamısı zərərli deyil. Çünki bir çoxları bitki mənşəli, təbii mənşəli rəngləndirici, antioksidant, qatılaşdırıcı, dadlandırıcı və şirinləşdirici maddələr olaraq əlavə olunur. Bunların bitki mənşəli olanları zərərli deyil və müəyyən miqdarda istifadəsi də standartlara görə qəbul olunandır.

 

Faydalılar içində daha çox C vitamini və yaxud A vitamini mənbəyi olanlar qida sənayesində istifadə olunur. Lakin bir çox E kodları var ki, bunlar sağlamlıq, hətta uşaqlar üçün zərərlidir. 25 yaşa qədər olan insanlarda orqanizm daima inkişafda olduğu üçün davamlı olaraq zərərli kimyəvi maddələrdən istifadə etmək orqanizmdə inkişafdan geri qalmaq və müəyyən daxili orqanların funksiyasının pozulması ilə nəticələnir ki, bunları da bilmək lazımdır. E-102 kimi tanınan tartrazin var ki, kimyəvi adıyla bəzən E kodu kimi tanınır. Bəzi maddələr var ki, xüsusilə uşaqlarda hiperaktivliyə səbəb olur ki, bu da natrium benzoatdır. Bu, E-112 kimi tanınır. Üzərində tərkibi ilə bağlı məlumatı olmayan məhsullardan istifadə etmək tövsiyə olunmur.

 

Qeyd etdiyimiz E kodu olan məhsullardan sağlamlığına dəyər verən insanlar diqqətli olmalıdır”.

 

Çimnaz Telmanqızı