Rusiya azadlığa və ədalətə nail olacaq - Putin

Bölmə: Siyasət › ,
Tarix: 17:27 07.07.2025

 


Hər şey Qələbə üçün” Böyük Vətən müharibəsinin ilk günlərində səslənən, hər birimizin bildiyi və başa düşdüyü tarixi çağırışdır. O, zəmanəmizin simvoluna çevrilib: azadlıq və ədalət, doğma sərhədlərimizin təhlükəsizliyi, Rusiya xalqlarının öz inkişaf yollarını müstəqil müəyyən etmək hüququ uğrunda mübarizə. Biz buna nail olacağıq”, - Putin bildirib.


Mövzu ilə əlaqədar siyasi şərhçi Mehman İsmayılov “İnformator.az”a açıqlamasında bildirib ki, Rusiya prezidenti Vladimir Putinin dilində azadlıq və ədalət kimi kəlmələr, küfr kimi səslənir:


“Birincisi o səbəbdən ki, o, bu söylədiyi dəyərlərin potensial düşmənidir, nə azadlığın nə olduğunu, nə də ədalətin fəlsəfəsinin nədən cəmləndiyini o bilmir, həm də ona görə ki, o özü heç zaman nə azad, nə də ədalətli olmayıbdır. Putin özündən əvvəlkilər kimi prezident kürsüsünü uzun illər boyu Kremlin divarları arasında intriqalar sürdürərək və mübarizə apararaq əldə etməyibdir, o, bu vəzifəni tarixin basa-basında və Yeltsinin sərxoş vəziyyətində tam təsadüfən lotereyada udubdur və bu uduşu 25 ildən sonra əlindən verməyi, siyasi və fiziki cəhətdən özünəqəsd sayır. Putin 196 xalqı yağmalayıb, əldə etdiyi maddiyyatın və boyu çatmadığı hakimiyyətin itirilmək qorxusunun girovuna çevrilib. Bu iki qorxu onu insanlıq əleyhində dəhşətli cinayətlər törətməyə sövq edir. Tarixdən az-çox xəbəri olanlar bilirlər ki, bineyi-qədimdən Rusiyanın tarixində bir gün, bir saat nə ədalətin, nə azadlığın, nə digər bəşəri dəyərlərin mövcudluğunu görən, eşidən, onların varlığına şahid olan olmayıb. Putinin dövründə isə, nəinki Rusiya əhalisinin azadlıq və ədalət kimi dəyərlər haqqında düşünmək haqqı belə yoxdur, hətta milyonlarla insanın yaşayıb - yaşamamaq hüququnu Putin həll edir. Putinin “hər şey qələbə üçün”, “sərhədlərimizin təhlükəsizliyi”, “Rusiya xalqlarının öz inkişaf yollarını müstəqil müəyyən etmək hüququ uğrunda mübarizə” nağıllarını adam dilinə çevirsək, aydın olar ki, bu məxluqat milyonlarla Rusiya vətəndaşının beynini Stalin dövrünün əvam, primitiv və pas basan şüarları ilə zorlamağa çalışır. Putin o qədər istedadlıdır ki, 25 illik çarlıq dövründə bir neçə sözdən ibarət olan bir şüar belə düşünə bilməyib, məcburən qanla qidalanan Stalinə dönüb. Adamı qınamaq da olmur, axı bir şüarı və ya devizi düşünmək üçün 25 il müddət çox azdır”.


Ekspertin sözlərinə görə, “Hər şey qələbə üçün!”, tamam, hər şey kimin qələbəsi üçündür?


Dağıstanlıların, çeçenlərin, inquşların, tatarların, yakutların, başqurtların, tuva türklərinin, çuvaşların, ya zorla ət maşınına basılan miqrantlarınmı? Bu adını çəkdiyim xalqların və toplumların hansının Zelenski ilə bir dərdi var? Bəlkə, Yakutiya Ukrayna ilə nə zamansa həmsərhəd olub və qəfildən torpaq mübahisələri yada düşüb? Bəlkə, Rusiyada yaşayan 196 xalqın bütün haqlarını məngirləyən Zelenskidir? Bəlkə 58 xalqı deportasiya edən Rusiya yox, Ukraynadır? Bəlkə, 60 milyon insanı əqidə qardaşı Hitlerlə boğuşmada məhv edən Stalin deyil, Zelenskinin babalarıdır? Bəlkə, 12 milyon ukraynalını süni aclıq düzəltməklə məhv edən, 50 min Ukrayna kəndini mühasirəyə alıb, əhalisini aclıqla qıran Moskva deyil, Tokiodur, bəlkə Pekindir, bəlkə Kiyev özüdür? Ukrayna bataqlığına ilk növbədə türk-müsəlman xalqlarını basan Putin rejiminə qələbə lazımdır. Nədir o qələbə, o qələbənin adı nədir? Bütün ukraynalıları qırıb, qurtarmaqmı, yoxsa Ukraynadakı bütün doğum evlərinin, uşaq bağçalarının, məktəblərin, yaşayış binalarının Makedoniyalı İskəndərin adına olan raketlərlə vurub, insanların qanını sel kimi axıtmaqdır?
Putinin Ukraynaya təcavüzünün iki məqsədi vardı:
Putinin və onun ətrafındakı iribuynyzlu oliqarxların mütləq hakimiyyətini təmin etmək və bu iyrənc məqsədi legitimləşdirmək, Ukraynanı işğal edib, yenidən vəhşi və Allahsız bolşevik kolxozunu bərpa etmək, xalqları yenidən kölələşdirib, qanlarını və iliklərini sormaq. Ən dəhşətlisi isə odur ki, illərlə beyni yuyulan insanlar, müti şəkildə öz cəlladlarının, “hər şey qələbə üçün”, şüarlarına uyub, ölümə gedirlər. Bunlar manqurtlardır, cəlladın kim olduğunu, bu cəhənnəmi onlara kimin yaşatdığını unudublar, anlamırlar ki, bu müharibənin gerçək səbəbi balaca boylu bir manyakın şizofreniyasıdır, maddiyyat və hakimiyyətin itirilməsi qarşısında bu varlığın keçirdiyi paranoik qorxudur. Bu, Rusiya əhalisinin müharibəsi deyil, siyasi hakimiyyətini mütləq hakimiyyətə çevirmək istəyən bir xəstənin təcavüz müharibəsidir. Əgər bir işğalçının bu iki iyrənc məqsədi üçün ölməyə hazır olan insanlar tapılırsa, deməkdir ki, onları Allah azad insan deyil, Putinin ət maşını üçün yanacaq olaraq, yaradıbdır”.


Mehman ismayılovun sözlərinə görə, “Sərhədlərimizin təhlükəsizliyi” deyərkən, Putin nəyi nəzərdə tutur?


Rusiyanın perimetri boyu ona problem yaratmaq istəyən bir qonşumu var? Bəlkə yaponlar, çinlilər, monqollar, koreyalılar Putini təhdid edirlər? Bəlkə polyaklar, bəlkə finlər Putinə gün verib, işıq vermirlər? Kimdr axı Rusiya kimi “dinc və mehriban” qonşunu narahat edən? Rusiya kommunal mənzildə deboşirlik edən, sərxoş və əlində beş min nüvə bombası olan “yazıq” bir ölkədir, istədiyi isə, sadəcə, odur ki, bütün Yer kürəsi onun gündəliyi və təqvimi ilə yaşasın, day bunun harası pisdir? Əlbəttə, Rusiyanın az-maz günahları var, 100 milyon adam öldürüb, 200 millətin torpağını işğal edib və ərazilərini sallaqxanaya çevirib, 1000 ildir yalnız qan içir. Bu “kiçicik” günahlara görə Putini narahat etmək nə qədər doğrudur?
Rusiya Gürcüstanı basqı altında saxlayır, ərazisinin 25 %-ni işğal edib, Azərbaycanın dövlətçiliyini və torpaq bütünlüyünü erməni parazitlərinin əli ilə illər boyu təhdid edib və 2 400 000 azərbaycanlının qanını töküb, Ukraynanın dinc əhalisini uşaq demədən, qadın demədən, qoca demədən kütləvi qətlə yetirib, indi isə Qazaxstanı, Baltikyanı respublikaları, Avropa dövlətlərini şantaj edir, açıqca şərləyir və nüvə çomağı ilə hədələyir. O zaman, “Sərhədlərimizin təhlükəsizliyi” deyən Putin, yumşaq desək, şər və yalan danışır. Bəs, “Rusiya xalqlarının öz inkişaf yollarını müstəqil müəyyən etmək hüququ uğrunda mübarizə” demaqoqiyası nədir? Rusiyada, öz ərazilərində yaşayan, ancaq Moskvanın işğalı altında inildəyən xalqların bir düşməni var, o da işğalçı Kremldir, nə Ukrayna deyil, nə də ki, Avropa. Rusiyada yaşamağa çalışan xalqların tək bir arzusu var – Moskva onları əzməsin, öldürməsin, haqlarını yeyib, onları öz Vətənlərində beşinci çeşid insana çevirməsin, onları bir varidat və hakimiyyət manyakının paranoidal uydurmalarına görə güllə qabağına göndərməsin. Ukraynaya qarşı təcavüzü hərbi gəzinti kimi təsəvvür edən, heç vaxt müharibə nədir, çətinlik nədir görməyən, yumşaq və imtiyazlı şəraitdə yaşayan Putin, indi beynəlxalq ictimaiyyətin və öz cəmiyyətinin qəzəbindən çəkinir. Zökəmdən və koronavirusdan Cin atəşdən qorxan kimi qorxan Putin, işğalçı müharibəyə, Xüsusi Hərbi Əməliyyat, kod adını verib, özünə çox ağıllı strateq portreti cızmağa çalışıb. Lakin 4 illik müharibəbədə bir milyondan çox insan itirən, 30 mindən çox sanksiya altına düşən Rusiya prezidenti, indi əhalini kütləvi qırğına çağırır, özlərini qurban verib, Putini qorumağa çağırır. Rusiya Ukraynada insanlıq əleyhində vəhşiliklər törətməklə, bütün dünyanı, xüsusilə, 200 ildən artıq müddətdə sümüklərini belə gəmirdiyi post sovet xalqlarını qorxu və şantaş altında saxlayıb, özünün qeyri-insani düşüncələrinə və insanlıq əleyhindəki planlarına tabe etmək istəyir. Rusiya yenidən imperiya quduzluğu xəstəliyinə tutulmaqla, oturduğu budağı mişarlayır, bütün dünyanı özünə qarşı qaldırır. Ukraynaya qarşı təcavüz müharibəsinə başlayan Putin, bilmir ki, bütün keçmişini və gələcəyini uduzubdur. Yeni rus imperiyası olmayacaq, yeni bolşevik kolxozu qurula bilməyəcək. Putinin bütün oyunları, hələ qurulmadan, dağılmağa məhkumdur. Bu gün onun söylədiyi şüarlar və tezislər isə, cəllad düşüncəli bir bədbəxtin görmək istədiyi yuxulardır...”


Asiman Vəliyeva