Onlar gömrük vergilərindən silah kimi istifadə edir...    

Bölmə: Siyasət › ,
Tarix: 17:50 07.07.2025


Hazırda bəzi böyük ölkələr gömrük vergilərindən silah kimi istifadə edir, iqtisadi və ticarət əməkdaşlığında təhlükəsizlik anlayışından sui-istifadə edir, milli maraqları hər şeydən üstün tuturlar.

Bunları Çinin xarici işlər naziri Van Yi deyib.

“Bu hərəkətlər sənayedə tədarük zəncirlərinin sabitliyini ciddi şəkildə pozur və beynəlxalq birliyin ümumi maraqlarına ciddi ziyan vurur”, - nazir əlavə edib.


Mövzu ilə əlaqədar politoloq Züriyə Qarayeva “İnformator.az”a açıqlamasında bildirib ki, gömrük vergilərinin siyasi və strateji alət kimi istifadəsi beynəlxalq ticarət hüququ baxımından ciddi problemlər yaradır:


“Belə yanaşma Ümumdünya Ticarət Təşkilatının prinsiplərinə – xüsusilə də ayrı-seçkiliyin yolverilməzliyi, ticarətdə maneələrin azaldılması və sərbəst bazar iqtisadiyyatına əsaslanma kimi prinsiplərə ziddir. Əgər bir ölkə gömrük rüsumlarını yalnız iqtisadi deyil, siyasi təzyiq vasitəsi kimi tətbiq edirsə, bu, ticarət mübahisələrinin artmasına, hüquqi boşluqlardan sui-istifadə hallarına və nəticə etibarilə beynəlxalq ticarət mühitində qeyri-müəyyənliyə səbəb ola bilər.Çin Xarici İşlər Nazirinin bu bəyanatı ABŞ ilə münasibətlərin daha da gərginləşəcəyinə işarədir. Onsuz da ABŞ-Çin ticarət münasibətləri son illərdə proteksionist yanaşmalar, texnoloji sanksiyalar və qarşılıqlı tarif artımları fonunda gərginləşib. Çin tərəfi gömrük vergilərinin təhlükəsizlik adı altında sui-istifadəsinə etiraz edərkən, əslində ABŞ-nin Çin şirkətlərinə qarşı tətbiq etdiyi sərt tədbələri nəzərdə tutur. Bu cür açıqlamalar, xüsusilə də beynəlxalq platformalarda səsləndikdə, siyasi ritorikanı kəskinləşdirir və dialoq imkanlarını zəiflədir”.


Ekspertin sözlərinə görə,
belə bir şəraitdə inkişaf etməkdə olan ölkələr daha böyük risklərlə üzləşirlər:


“Onlar böyük güclər arasında ticarət savaşlarının təsir dairəsində qalaraq həm ixrac, həm də idxal imkanlarını itirə bilər. Tədarük zəncirlərinin pozulması bu ölkələrin sənaye inkişafına, ərzaq və enerji təhlükəsizliyinə, eləcə də texnoloji transfer imkanlarına mənfi təsir göstərir. Bundan əlavə, proteksionist siyasətlər qlobal inflyasiyanı artırmaqla bu ölkələrin makroiqtisadi sabitliyini də təhlükə altına alır. Belə şəraitdə iqtisadi asılılıq daha da dərinləşir və inkişaf etməkdə olan ölkələr beynəlxalq sistemdə daha zəif mövqeyə düşür”.


Asiman Vəliyeva