Makron və Starmer münaqişəsi koalisiyanı dağıda bilər

Tarix: 20:52 07.07.2025
Fransa Prezidenti Emmanuel Makron və Baş nazir Keyr Starmer arasında münaqişə Ukraynaya dəstək verən “İstəklilər koalisiyası”nın dağılmasına səbəb ola bilər.
Bu barədə “Politiko” qəzeti mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, “İstəklilər koalisiyası”nın dəqiq istiqaməti yoxdur, çünki London hələ də ABŞ-nin həyata keçirilməyən təhlükəsizlik zəmanətlərinə çox diqqət yetirir:
“Öz növbəsində, Böyük Britaniyada Makronu prezidentlik müddəti başa çatdığı üçün yalnız “mirası” haqqında düşünməkdə ittiham edirlər. Makron və Starmer arasındakı münasibətlərdə “çatların” yaranmasının əsas səbəbi ABŞ-yə yanaşmadır”.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Şakir Ağayev bildirib ki, Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Keyr Starmer-in yaratmaq istədiyi “İstəklilər koalisiyası” bu gün üçün praktiki nəticə vermir:
"ABŞ bu təşəbbüsə real dəstək göstərmir. Baxmayaraq ki, Zelenskinin Ağ Evdəki məşhur qalmaqallı görüşündən sonra İngiltərə də onu təntənəli şəkildə qarşılayaraq dəstəyini ifadə etdi. Bu, hələ də kağız üzərində qalır. Çünki əksər Avropa ölkələri sözdə Ukraynaya dəstək versə də, əməldə real addımlar atmırlar. Heç bir Avropa lideri öz hərbçisini Ukraynaya göndərmək niyyətində deyil. Əvvəllər 60 minlik dəstənin göndəriləcəyindən danışılırdı, lakin nəticədə sadəcə bir neçə zabit göndərilib, ki onlar da təlim keçməklə kifayətlənib. Bu isə koalisiyanın hələ yaranmamışkən dağılmış vəziyyətdə olduğunu göstərir. Rusiya da dəfələrlə bildirib ki, müharibəni dayandırmaq üçün Ukraynanın NATO-ya üzv olmaması və ərazisinə xarici qüvvələrin yerləşdirilməməsi əsas şərtdir. Bu şərtlər təmin olunmadan müharibənin dayandırılması real görünmür. Digər tərəfdən, ABŞ Prezidenti Tramp açıq şəkildə bildirib ki, Ukraynaya “Patriot” sistemləri və raketlər hələlik verilməyəcək. Bu bəyanat Qərb mətbuatında və siyasi dairələrdə narahatlıq doğurub. Hətta Zelenski Trampla danışarkən onun kömək vədini dilə gətirsə də, reallıqda bu kömək dayandırılıb. Səbəb kimi ABŞ anbarlarında silahların tükənməsi göstərilir. Ekspertlər hesab edir ki, əgər ABŞ yardımı tamamilə dayandırsa, Ukraynanın müqavimət imkanları sentyabra qədər davam edə bilər. Bunu təkcə Fransa və Britaniya deyil, Türkiyə də açıq şəkildə etiraf edir – Amerikanın dəstəyi olmadan Ukraynada nəyəsə nail olmaq çox çətindir. Bu reallıq həm “İstəklilər koalisiyası”nın effektivliyini, həm də müharibənin gedişatını birbaşa təsirləndirir".
Qəmər Kazımzadə