Azərbaycan və Əfqanıstan logistika əməkdaşlığını müzakirə edib

Tarix: 21:22 07.07.2025
Azərbaycan və Əfqanıstan arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq son illərdə regional iqtisadi əməkdaşlığın vacib istiqamətlərindən birinə çevrilmişdir.Hər iki ölkə üçün strateji əhəmiyyət daşıyan bu sahədə tərəflər yükdaşımaların təşkili, tranzit imkanlarının genişləndirilməsi və qarşılıqlı əlaqələrin dərinləşdirilməsi məsələlərini müzakirə ediblər.Görüşlərdə, xüsusilə Orta Dəhliz və Trans-Əfqanistan dəhlizi çərçivəsində yeni əməkdaşlıq perspektivləri önə çəkilib.
Məsələ ilə bağlı politoloq Oqtay Qasımov "İnformator.az"a bildirib ki, Azərbaycan ilə Əfqanistan arasında logistika sahəsində əməkdaşlıq hər iki tərəfin maraqlarına uyğun bir məsələdir:
"Əfqanistanın Qərbə, Avropaya malların daşınması üçün ən əlverişli coğrafiya məhz Azərbaycandan keçən Orta Dəhlizdir. Trans-Əfqanistan Dəhlizi yaxın zamanda işə düşəcək. Əfqanistan, o cümlədən Pakistan mallarının Əfqanistan üzərindən Özbəkistana, Orta Dəhliz vasitəsilə Azərbaycanın üzərindən Avropaya çatdırılmasına imkan yaradacaq. Bu istiqamətdə əlaqələrin, münasibətlərin inkişafı hər iki tərəfin qeyd olunan faydasınadır. Belə ki, həm ikitərəfli ticarət əlaqələrinin inkişafı baxımından bu uyğun bir formatdır. Eyni zamanda yüklərin daşınmasından Azərbaycanın əlavə gəlir əldə etməsi də bu prosesə daxildir. Digər tərəfdən nəzərə alsaq ki, Əfqanistanda kifayət qədər nadir torpaq elementləri var və bu, çox zəngin bir xammal bazası hesab olunur. O baxımdan gələcəkdə Əfqanistanın enerji sektoru ilə bağlı məsələlərdə də Azərbaycan rol ala bilər ki, bu da bir daha qeyd olunan hər iki tərəfin maraqlarına uyğun bir münasibət olacaq".
Gülhüseynova Güllər