Zelenski silah sazişi imzalayıb

Tarix: 21:30 07.07.2025
Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ və Danimarka ilə yeni silah sazişlərinin imzalandığını elan edib. Bu razılaşmalar Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsi və silah istehsal imkanlarının genişləndirilməsi məqsədi daşıyır. Tərəfdaş ölkələrlə əldə edilən razılaşmalar həm hərbi, həm də siyasi baxımdan böyük əhəmiyyət kəsb edir.
Məsələ ilə bağlı politoloq Tural İrfan "İnformator.az"a açıqlamasında bildirib ki, Ukrayna müharibəsi artıq bəzi başqa ölkələrin də maddi maraqlarına cavab verir və getdikcə biznesə çevrilir:
"Çin, Şimali Koreya, İran Rusiyaya silah satır, hərbi dəstək verir, ABŞ və Avropa ölkələri isə Ukraynaya. Sıraya artıq Danimarka da qoşulub. Şübhəsiz ki, belə olduğu halda silah istehsalında artım müşahidə olunur və müharibə dayanarsa, bu biznes maraqlarını əvəzləyəcək alternativ yollarla qazanc əldə etmək hələ çox zaman apara bilər. Vaxtilə İraq və İran arasındakı müharibədə də bir çox dövlətlər silah alverindən külli miqdarda qazanc götürüblər.Ukrayna və Danimarka arasındakı bu müqavilə çərçivəsində Danimarkanın ərazisində silah istehsal olunacaq və bu, Ukrayna üçün xaricdə həyata keçiriləcək ilk belə layihə olacaq. Ukrayna prezidentinin bu mövzudakı açıqlamasına görə, gələcəkdə oxşar razılaşmalar hətta pilotsuz uçuş aparatları – PUA-lar və başqa fərqli silah növləri üzrə də planlaşdırılır. Onu da vurğulamaq lazımdır ki, Ukrayna ilə ABŞ arasında da pilotsuz uçuş aparatları ilə bağlı əməkdaşlığın əhəmiyyətli dərəcədə genişləndiyi müşahidə olunur. Yeni əməkdaşlığın genişlənməsi sayəsində Ukrayna bu il ABŞ-dən xüsusi şərtlərlə yüz minlərlə PUA alacaq. Bu, o deməkdir ki, dövriyyə genişlənir və maraqlar artır. ABŞ-nin Ukraynaya silah verməsi təbii ki, qarşılıqsız deyil. ABŞ və Danimarkanın silahları daha müasir və Ukrayna üçün əlverişli olduğundan, bu, ölkənin müdafiə qabiliyyətini xeyli dərəcədə artıracaq və hərbi imkanlarına əlavə güc qatacaq. Həmçinin Danimarka ilə imzalanan ortaq silah istehsalı haqqında müqavilənin bir də siyasi əhəmiyyəti var. Bu o deməkdir ki, Danimarka Ukraynanı Rusiya ilə müharibədə tam dəstəkləyir və təhlükəsizliyinin müdafiəsi üçün əlindən gələni edir".
Ekspert həmçinin bunu da bildirib ki, bu müharibə Danimarkaya da yeni bir şərik, silah satmağa və istehsal etməyə ortaq qazandırmış olur:
"Ukraynanın hərbi-sənaye kompleksinin genişləndirilməsi Avropa və NATO-nun maraqları çərçivəsindədir. Onlardan asılı durumda olan Ukrayna silah istehsalı ilə bağlı NATO-nun maraqlarına zidd addım atmaq iqtidarında deyil. Elə bir görüntü yaradıla bilər ki, guya Ukrayna bunu müstəqil şəkildə həyata keçirir. Amma əslində elə deyil. Müəyyən problemlərin dərinləşməməsi üçün NATO-nun özü birbaşa Ukraynaya həlledici dəstək verə bilmir. Bunu dolayı yolla edirlər. Əgər Vladimir Zelenski bu qərarı müstəqil olaraq, NATO-nun və Avropanın münasibətini nəzərə almadan vermiş olsa belə, məqsəd və hədəf yenə də sonuncuların xeyrinə xidmət edir. Ukraynanı artıq silah istehsalçısına çevirməklə Rusiya qarşısında obrazını böyüdürlər. Üzücü müharibə illərində həm də Ukraynaya daha çox silah lazım olacaq. Ümumiyyətlə, bu müharibə hələ uzun illər davam edəcək. Qərb Rusiyaya qarşı heç Gürcüstanda belə fürsət əldə etməmişdi. İndi fürsət qazanıb və Rusiyada parçalanma yaratmaqdan tutmuş hakimiyyət dəyişikliyinə qədər bütün mümkün variantları sınaqdan keçirəcək. Bunu da, şübhəsiz ki, Ukraynanın vasitəsilə edir. Rusiya nüvə silahına sahibdir. Vladimir Putin də mütəmadi olaraq nüvə silahı ilə Avropanı təhdid edir. Demək ki, Rusiyanı yalnız sanksiyalar və Ukrayna müharibəsi ilə zəiflədib tükətmək olar. Rusiyada istəyinə nail olmaq üçün ABŞ və Avropanın müharibəni uzatmaqdan başqa çarəsi və fürsəti yoxdur. Rusiyanı üzücü və yorucu müharibə ilə küncə sıxacaqlar, mütləq daxildə bir çaxnaşma, hakimiyyətdə bir qarışıqlıq baş verəcək. Bunun üçün Avropa ölkələri maksimum çalışır. Ukrayna tərəfin hərb cəbhəsində üstünlük əldə etməsi üçün Avropa və ABŞ-nin ona silah tədarükünü artıracağı dəqiqdir. Çünki Rusiyanın atəşkəsə getməməsi, ABŞ prezidenti ilə danışıqda bundan imtina etməsi, bundan başqa yol qoymayıb".
Gülhüseynova Güllər