ABŞ-lə danışıqları bərpa etməyə hazırıq, lakin...

Bölmə: Siyasət › ,
Tarix: 14:46 08.07.2025

Tehran ABŞ ilə danışıqları bərpa etməyə hazırdır, lakin bu məsələdə əsas problem etimad çatışmazlığıdır.

 

Mövzu ilə bağlı “İnformator.az”a politoloq Həşim Səhrablı bildirir ki, etimad formalaşdırılması üçün üçüncü ölkələr və beynəlxalq təşkilatlar münaqişə tərəfləri arasında rol oynaya bilərlər:

 

“Amma bunun üçün gərək uyğun şərait yetişsin. Uyğun şəraitin yetişməsi isə tərəflərin bir-birilərinə qarşı iddialarında özünü tapmalıdır. Yəni Amerika Birləşmiş Ştatları əgər birmənalı olaraq deyirsə ki, İran nüvə proqramından imtina etməlidir və bunun qarşılığında İran tərəfi də Amerikanın bu istəyinin yersiz olduğunu və İranın dinc sahələrdən nüvə potensialını saxlayacağını vurğulayırsa, burada bir təzad yaranır. Belə bir şəraitdə nəinki etimad qurula bilər, heç danışıqlar masası arxasında əyləşməyə bir səbəb qalmır. Çünki danışıqlar başlamadan əvvəl tərəflər bir növ razılaşmadığını artıq ortaya qoymuş olurlar. Etimadın qurulması üçün isə gərək birinci tərəflərin bir birinə qarşı siyasi ritorikası dəyişsin və bundan sonra artıq ya beynəlxalq təşkilatlar, ya da ki, üçüncü ölkələr bir körpü rolunu oynasınlar, masa arxasında əyləşsin və ortaq nöqtəyə gəlinsin. İndiki şəraitdə isə bu mümkün görünmür. Çünki dediyimiz kimi, İran nüvə proqramından imtina etmək istəmir. ABŞ-də yaxşı bilir ki, dinc nüvə ehtiyatları adı altında İran əslində bir növdə belə nüvə silahı hazırlamaq yoluna çıxır”.

 

Həmçinin şərhçi qeyd edir ki, ABŞ bu etimadsızlığı aradan qaldırmaq üçün İrana güzəştə getməli və onun nüvə potensialını qoruyub saxlamalıdır:

 

“Təbii ki, Amerika Birləşmiş Ştatları da bunu etsə, bir növ İranın növbəti nüvə dövləti olmasına yaxşı işıq yandırmış olacaq ki, indiki vəziyyətdə, xüsusən Donald Tramp administrasiyası dövründə bunun olacağını düşünmürəm. İndi sonrakı administrasiyalar kimlərdən təşkil olunur? Onların dünya siyasətinə yanaşması necə olar? Ümumiyyətlə, İran siyasətinə necə baxırlar? Bu başqa məsələ, amma bu gün etibarilə Trampın etimadsızlığı aradan qaldırmaq üçün güzəştə gedəcəyini gözləmək sadəlövhlük olar. Əksinə, Tramp İrandan bu istiqamətdə qəti addımlar gözləyəcək. 12 günlük qarşıdurmadan əvvəl də, elə bu gün də, yəni həm dünən, həm bu gün, həm də gələcəkdə İran rəsmiləri birmənalı olaraq danışıqlara açıq olacaq. Çünki İranın başqa bir yolu yoxdur, qüvvələr nisbətində kifayət qədər Amerika Birləşmiş Ştatları və İsrailin ortaq gücündən geridədir. Ona görə də onlar üçün bu gün qarşıdurma variantından daha çox istədiklərini masa arxasında almaq variantı daha cazib görünür. Amma İran tərəfi də biz görürük ki, masa arxasında əyləşmək deyəndə heç də milli maraqlarından vaz keçməyi nəzərdə tutmurlarmış. Onların dediyi ortaq kompromisə gərək hər kəsin maraqlarının təmin edildiyi bir razılaşma olsun”.


Aysel Mirzəyeva