İlin ikinci yarısında neft tədarükü artacaq

Tarix: 19:26 11.07.2025
İlin ikinci yarısında OPEC-ə daxil olmayan ölkələrdən neft tədarükü artacaq, həmçinin neftə tələbat 1% yüksələcək.
Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, Neftin qiymətinin mütəmadi şəkildə dəyişməsi müşahidə olunur:
“Əsasən hazırki zamanda qiymətlər qalxır. Tələbatın yüksəlməsi müharibələrlə əlaqədardır. Əsasən Ukrayna və Rusiya arasındakı vəziyyət neftin qiymətinə də öz təsirini göstərir. Təbii ki, iqtisadiyyatın zəifləməsi də müşahidə olunacaq. Neftin qiymətinin artması hər zaman olduğu kimi yenə də başqa sahələrə də öz mənfi təsirini göstərəcəkdir. Nefti ixrac edən ölkələr üçün vəziyyət dəyişə bilər. Ancaq ölkə daxilində neftin qiymətinin qalxması başqa sahələrə mənfi təsir göstərir. Gərək iqtisadiyyat elə tənzimlənsin ki, neft ixracından gələn gəlirlər daxildə müsbət nəticələrə gətirsin. Azərbaycan kimi neft ixrac edən ölkələr üçün bu vəziyyət həm fürsətlər, həm də risklər gətirə bilər. Əgər qiymətlər çox düşməzsə və tələbat artsa, Azərbaycan daha çox neft sata və büdcəsinə daha çox gəlir əldə edə bilər. Ancaq əgər təklif çox artar və qiymətlər aşağı düşərsə, bu, ölkənin gəlirlərində azalmaya səbəb ola bilər. Bu baxımdan, Azərbaycanın neftdənkənar sahələri də gücləndirməsi vacibdir. Beləliklə, ölkə yalnız neftdən asılı qalmaz və iqtisadi sabitliyini daha yaxşı qoruyar”.
Aysel Mirzəyeva