Çin iqtisadiyyatı təbii fəlakətlər səbəbindən 7,6 milyard dollar itirib

Tarix: 20:39 15.07.2025
Çində 2025-ci ilin ilk yarısında baş verən təbii fəlakətlər ölkə iqtisadiyyatına 54,11 milyard yuan (təxminən 7,55 milyard dollar) dəyərində ziyan vurub. Bu barədə “Reuters” agentliyi Çinin Fövqəladə Hallar Nazirliyinin rəsmisi Şen Zhanliyə istinadən məlumat yayıb.
Bildirilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 41,9% azdır. Belə ki, 2024-cü ilin ilk yarısında iqtisadi itkilər 93,16 milyard yuan təşkil edib.
Ən böyük zərər daşqınlar nəticəsində qeydə alınıb. Onlar ümumilikdə 51 milyard yuanlıq (təxminən bütün ümumi ziyanın 90%-i) iqtisadi itkiyə səbəb olub. Eyni zamanda, Tibetdə baş vermiş zəlzələ və Çinin cənub-qərb bölgələrindəki torpaq sürüşmələri də dağıdıcı nəticələr doğurub.
Nazirliyin hesabatına əsasən, son altı ayda təbii fəlakətlər 23 milyondan çox insana təsir edib. Onlardan 307 nəfər ölüb və ya itkin düşüb, 620 min nəfər təxliyə olunub. 29,6 min ev tamamilə dağılıb, 2,19 milyon hektar kənd təsərrüfatı ərazisinə ciddi ziyan dəyib.
Rəsmilər xəbərdarlıq ediblər ki, iyulun ikinci yarısından avqustun əvvəlinə qədər ölkənin şimal bölgələrində güclü leysan yağışları və tayfunların aktivliyi səbəbilə daha ağır hava şəraiti gözlənilir.
Mənbə :Caliber
Aytən Ağazadə