Çin və Avropa Parlamenti Əlaqələri Normallaşdırır

Bölmə: Dünya › ,
Tarix: 17:06 16.07.2025

Çin Xarici İşlər Nazirliyi, Pekin ilə Avropa Parlamenti arasında əvvəlki illərdə yaranmış gərginlikdən sonra normal əlaqələrin bərpa olunduğunu təsdiqləyib. Bu addım, xüsusilə Sincan bölgəsindəki insan haqları ilə bağlı iddialardan qaynaqlanan mübahisələr səbəbilə dayandırılmış dialoqun yenidən qurulması ilə əlaqəlidir.

 

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian bildirib:

"Hazırkı şəraitdə Çin və Avropa arasında dialoq və əməkdaşlığın gücləndirilməsi hər iki tərəf üçün olduqca vacib hesab olunur".

O, həmçinin təsdiqləyib ki, qanunvericilər arasında qarşılıqlı əlaqələrə qoyulan bütün məhdudiyyətlər ləğv olunub.

 

Bu açıqlama, South China Morning Post qəzetində yayımlanan və Pekinin 2021-ci ildə keçmiş Avropa Parlamenti üzvü Reinhard Bütikoferə tətbiq etdiyi sanksiyaları aradan qaldırması ilə bağlı xəbərin ardınca verilib.

 

Çinin bu addımı, bu ayın sonlarında keçirilməsi planlaşdırılan Çin-Avropa İttifaqı sammiti öncəsi atılıb. Sammit çərçivəsində Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Avropa Şurasının prezidenti Antonio Koşta, Çin prezidenti Si Cinpin və baş nazir Li Çyanq ilə görüşəcəklər.

 

ANEWZ

Güllər Gülhüseynova