Ford ABŞ-də 694 min avtomobili geri çağırır

Tarix: 19:43 16.07.2025
Amerikanın nəhəng avtomobil istehsalçısı Ford Motor ABŞ ərazisində 694 271 avtomobilin geri çağırıldığını elan edib. Buna səbəb kimi mühərrik bölməsində yanacaq sızması riski göstərilir ki, bu da yanğın təhlükəsi yarada bilər.
Bu barədə məlumatı Milli Avtomobil Yolları Hərəkəti Təhlükəsizliyi İdarəsi (NHTSA) yayıb. Bildirilib ki, problem yanacaq injektorundakı çatlarla əlaqədardır. Qüsura dair ilk hallar 2024-cü ilin martında aşkar edilib və həmin vaxt 42 min avtomobil geri çağırılıb. Həmin mərhələdə Ford əvəzedici hissələr təqdim etmədən drenaj sisteminin quraşdırılmasını və mühərrik idarəetmə proqramının yenilənməsini tövsiyə edib.
Lakin əlavə sınaqlar zamanı daha səkkiz avtomobildə yanğın hadisəsi qeydə alınıb. Onlardan altısının proqram təminatının tövsiyə olunan formada yenilənmədiyi müəyyən edilib.
Geri çağırılma kampaniyası 1,5 litrlik mühərrikə malik 2021–2024 Bronco Sport və 2020–2022 Escape modellərinə aiddir. NHTSA-nın qiymətləndirməsinə əsasən, problem ümumilikdə bu modellərin təxminən 0,3%-nə təsir edə bilər.
Mənbə :Caliber
Aytən Ağazadə