Unun qiymətində dəyişiklik

Bölmə: Sosial › ,
Tarix: 21:29 23.07.2025

Azərbaycanda unun topdansatış qiymətlərində dəyişiklik müşahidə olunub. İyulun 21-nə olan məlumata əsasən, 50 kq-lıq un kisəsinin qiyməti bölgələrə görə fərqli olub və bu qiymətləri Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi açıqlayıb.


Mövzu ilə bağlı iqtisadçı ekspert Asif İbrahimov "İnformator.az"a açıqlamasında bildirib ki, qeyd etdiyimiz məhsullar strateji məhsullardır:

 

"Onların qiymətlərini Tarif Şurası müəyyən edir. Bu günə kimi qalxdığını müşahidə etmişik, amma düşdüyünü heç vaxt görməmişik. Unun qiymətlərində fərqliliyin aşağı düşməsi və yaxud da yuxarı qalxması konkret olaraq, çörəyin maya dəyərinə təsir edir. Əfsuslar olsun ki, biz unun qiymətinin ucuzlaşması halları baş verdikdə çörəyin qiymətində ucuzlaşma görməmişik. Müşahidələr onu göstərir ki, hazırda dünyanın 25% taxıl ehtiyatını təmin edən iki ölkə arasında müharibə gedir. Dünyadakı taxıl ehtiyatının 18.5%-ni təmin edən Rusiya ilə Ukrayna arasında mübarizə davam edir. Belə olduğu halda, qiymətlərdə ucuzlaşma dövri xarakter daşıya bilər. Bundan sonra bu istiqamətdə hər hansı bir ucuzlaşma gözləməyimiz düzgün deyil. Ən azından bu xarici faktor öz həllini tapana kimi qiymətlərdə ucuzlaşma olmayacaq. Unun qiymətində dövri ucuzlaşma müşahidə olunsa da, bu çörəyin qiymətində ucuzlaşma olacağı anlamına gəlmir".

 

Billurə Quliyeva