Avropa və İran: Nüvə Səhnəsində Yeni Oyunun Qaydaları

Tarix: 22:20 24.07.2025
İran, Böyük Britaniya, Fransa və Almaniya İranın nüvə proqramı ilə bağlı danışıqları bərpa etmək barədə prinsipial razılığa gəliblər. Qeyd edək ki, daha əvvəl ABŞ və Avropa ölkələri bu danışıqlarda irəliləyiş üçün avqustun sonunu son tarixkimi göstəriblər.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Asif Nərimanlı bildirib ki,Böyük Britaniya, Fransa və Almaniyanın, yəni Avropanın İranla nüvə danışıqlarına, əslində Amerika–İran nüvə danışıqlarına alternativ olaraq baxmaq lazımdır:
"Burada Avropanın əsas məqsədi İran ətrafında baş verən proseslərdən, yəni ümumilikdə beynəlxalq münasibətlər sistemində gedən son hadisələrdən kənarda qalmamaqdır.Hazırda beynəlxalq münasibətlərdə “daşların yenidən düzülməsi”, oyunların yenidən qurulması prosesi gedir və İran da bu məsələlərdə əsas faktorlardan biridir. Bu prosesdə Amerika lider kimi çıxış edir və Avropanın prosesdən kənarda qalması, arxa fona keçməsi onun beynəlxalq münasibətlərdə mövqeyini zəiflədir. Ümumiyyətlə, Avropa ölkələri əvvəldən İranın nüvə məsələsinin sülh yolu ilə həllinə çalışıblar. Təxminən 10 il öncə başlayan nüvə danışıqlarından etibarən Avropanın yanaşması bu olub. Trampın birinci hakimiyyət dövründə bu razılaşma ləğv olundu, ikinci dövrdə isə İranla nüvə danışıqları konkret diktə əsasında qurulub. Bu yanaşma Avropanın həm İranla bağlı planlarına uyğun deyildi, həm də onun beynəlxalq mövqeyini zəiflədir. Bu səbəbdən Avropa ölkələri belə danışıqlar aparmaqla Amerikanın planına qarşı alternativ plan təqdim etməyə və eyni zamanda İran ətrafında baş verən proseslərdə öz mövqelərinin də nəzərə alınmasına çalışırlar".
Həmçinin politoloq bildirib ki,bu danışıqlar İran üçün də xüsusi əhəmiyyət daşıyır:
"Amerika və İsrail cəbhəsindən fərqli olaraq Avropa ilə masa arxasında əyləşmək İrana alternativ imkanlar yaradır. Rəsmi şəkildə İran bu proqramı dinc məqsədlərlə davam etdirdiyini bəyan etsə də, əsas hədəfin nüvə silahı əldə etmək olduğu ehtimal edilir. İran nüvə proqramını dinc məqsədlərlə qorumaq adı altında davam etdirməyə çalışır. Belə danışıqlar isə İrana qarşı müdaxilə imkanlarını zəiflədir. Beynəlxalq münasibətlər sistemində İran alternativlər yaradaraq, hətta öz cəbhəsini gücləndirməsə belə, Amerika–İsrail cəbhəsinə qarşı əlini möhkəmləndirməyə çalışır.Hesab edirəm ki, Avropanın İranla apardığı bu nüvə danışıqları, əslində, İranın nüvə məsələsini və bütövlükdə bu prosesi sülhlə həll etmək demək deyil. Çünki rəsmi Tehran nüvə proqramından əl çəkmək niyyətində deyil. Müharibədən sonra bu proqramı tamamilə ləğv etdirmək üçün İrana diktə etmək, onu buna məcbur etmək lazımdır. Bunun üçün isə yalnız Amerika və Avropa eyni mövqedən çıxış etməlidir. Avropanın fərqli mövqedən çıxış etməsi isə İranın əlini gücləndirir və diplomatik müstəvidə mübarizənin uzanması risklərini artırır. Bu o deməkdir ki, məsələ danışıqlar yolu ilə həll olunmaya bilər. Çünki İran nüvə proqramından əl çəkmir və bu danışıqlar prosesi onun mövqeyini möhkəmləndirir. Bununla da İsrailin İrana hücum ehtimalı artır. Çünki İsrailin əsas məqsədi bu proqramı tamamilə ləğv etmək olub. Son müharibədə bu məqsədə müəyyən qədər nail olsalar da, istədiklərini tam reallaşdıra bilmədilər. Hazırkı danışıqlar prosesi də bu gedişatı göstərir. Avropanın danışıqlar masası qurması isə İsrailin maraqlarına uyğun gəlmir. Bu səbəbdən İran–İsrail qarşıdurması gələcəkdə yenidən hərbi müstəviyə keçə bilər. Belə bir vəziyyət isə İranın nüvə proqramının sülhlə həllinə dair ümidi daha da zəiflədir. Mənim fikrimcə, bu danışıqlar fonunda, yaxın günlərdə olmasa da, qarşıdakı dövrdə diplomatik müstəvidə mübarizə davam etdiyi təqdirdə, İran və İsrail arasında yenidən hərbi güc toqquşmaları müşahidə oluna bilər".
Nigar Həsənzadə