Trampın tarif təklifi: ABŞ ticarət siyasətində yeni alqı-satqı modeli

Bölmə: Dünya › ,
Tarix: 14:04 25.07.2025

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, ölkə xarici investisiyalar müqabilində digər dövlətlərə idxal tariflərini azaltmağa hazırdır. 

 

Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva "İnformator.az" a açıqlamasında bildirib ki, ABŞ Prezidenti Donald Trampın xarici investisiyalar müqabilində idxal tariflərini azaltmaq təklifi ölkənin beynəlxalq ticarət siyasətində yeni və daha alqı-satqı yönümlü yanaşmanın göstəricisidir:

 

"Trampın Yaponiya ilə əldə edilən razılaşmanı nümunə kimi təqdim etməsi bu modelin gələcəkdə digər ölkələrə, o cümlədən Avropa İttifaqına və Çinə də tətbiq edilə biləcəyinə işarədir. Əgər bu yanaşma genişlənərsə, ABŞ xarici investisiyanı stimullaşdırmaqla ticarət balansını öz lehinə dəyişməyə çalışacaq. Bununla yanaşı, bu model inkişaf etməkdə olan ölkələr üçün müəyyən risklər yaradır, çünki onlar ABŞ bazarına daxil olmaq üçün lazımi həcmdə investisiya imkanına malik olmaya bilərlər. Region ölkələri, xüsusilə də ticarət və enerji ixracı baxımından ABŞ ilə  əməkdaşlıq edən dövlətlər bu modelə uyğun mövqe formalaşdırmaq məcburiyyətində qala bilərlər. Trampın “ticarət müqaviləsinin mükafatı” adlandırdığı bu mexanizm, əslində, ABŞ-nin iqtisadi maraqlarını birbaşa şərtlərlə təmin etməyə hesablanan alət kimi çıxış edir".

 

Ayşən Səlimova