Kanada Fələstin dövlətinin BMT-də tanınmasına nail olmaq niyyətindədir

Tarix: 15:02 25.07.2025
Ottava Fələstin dövlətinin BMT-də tanınmasına nail olmaq niyyətindədir.
Məsələ ilə bağlı politoloq Azad Məsiyev “İnformator.az”a açıqlamasında bildirib ki, Fələstin dövlətinin BMT-də bir dövlət kimi tanınması Yaxın Şərqdə sülhün əldə edilməsi demək deyil:
“Yaxın Şərqdə İsrailin bir strateji proqramı var. Proqram bundan ibarətdir ki, Böyük İsrail dövləti yaradılsın. Tarixə baxsaq, İsrail dövləti yaradılanda ərazi nə qədər idi, indi nə qədərdi? İsrail dövlətinin məqsədi qonşu olan əraziləri bu və ya digər bəhanələrlə öz ərazisinə daxil etməklə ərazisini genişləndirməkdir. Bəzilərini özünümüdafiə adı altında, bəzilərini terrorla mübarizə adı altında İsrail gərginlik yaradaraq öz ərazisini genişləndirməkdədir.
Fələstin torpaqları hesabına İsrail öz ərazisini genişləndirir. Ümumilikdə, Suriya ərazisində Hollan yüksəkliklərini ələ keçirərək bufer-zona adı altında ərazisini genişləndirir. Lakin buna baxmayaraq, Fələstin xalqının dövlət kimi tanınması onun haqqıdır. Uzun müddətdir ki, Fələstin xalqı bu məsələdə mübarizə aparır. Təəssüflər olsun ki, Fələstin dövlətinin bir dövlət kimi tanınması hələ tam həyata keçirilməyib. Əgər Kanada dövləti bu təşəbbüslə çıxış edirsə, deməli, Kanadanın tutduğu bu mövqe ədalətlidir. Lakin hansısa dövlətdə yəhudi lobbisinin təsiri güclüdürsə, Fələstin dövlətinin yaranmasında həmin dövlətlərdə problemlər yaranır.
Hələ Fələstin dövlətinin yaranması Yaxın Şərqdə sülhün əldə edilməsi demək deyil. Hesab edirəm ki, dünya siyasəti qanunu güc yolu ilə tənzimləməməlidir. Beynəlxalq dünya siyasəti beynəlxalq hüquqla tənzimlənməlidir. Əgər dünya siyasəti beynəlxalq hüquqla tənzimlənsəydi, onda Fələstin xalqı öz siyasətini təyin edərək Fələstin dövlətini BMT-də tanıtmasına nail olardı".
Çimnaz Telmanqızı