Laçında “Qadınlar üçün sahibkarlıq və peşə təlimləri” layihəsinin üçüncü təlimi keçirilib

Bölmə: Sosial › ,
Tarix: 15:35 25.07.2025

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Qadınlarının Haqlarının Müdafiəsi” İctimai Birliyi tərəfindən icra olunan “Qadınlar üçün sahibkarlıq və peşə təlimlərinin təşkili” layihəsinin üçüncü təlimi 23 iyul 2025-ci il tarixində Laçın rayonunda baş tutub.

Layihənin əsas məqsədi Laçın rayonunda yaşayan qadınların sahibkarlıq sahəsində bilik və bacarıqlarının artırılması, eyni zamanda onlara peşə yönümlü istiqamətlərdə ilkin məlumatların verilməsi və praktik bacarıqların formalaşdırılmasıdır. Bu məqsədlə təlim çərçivəsində müxtəlif mövzuları əhatə edən maarifləndirici sessiyalar təşkil olunub.

Tədbirin açılışında layihə rəhbəri Aydan Xıdırova çıxış edərək iştirakçılara layihənin məqsəd və məramı barədə ətraflı məlumat verib. O, layihənin Laçın rayonunda yaşayan qadınların bilik və bacarıqlarının inkişafına mühüm töhfə verəcəyini qeyd edib.

Təlimçi Orxan Xıdırov bu dəfəki sessiyada iştirakçılara “Yeni Marketlərə Giriş və Böyümə Strategiyaları” mövzusunda geniş təqdimatla çıxış edib. O, yeni bazarlara daxil olmağın şirkətlərin davamlı inkişafı və uzunmüddətli uğuru baxımından vacib olduğunu vurğulayıb. Təlimdə bazar araşdırmasının aparılması, hədəf auditoriyanın müəyyənləşdirilməsi, yerli tələbat və rəqabət mühitinin düzgün qiymətləndirilməsi kimi mühüm məqamlar izah olunub.

Orxan Xıdırov, həmçinin, real nümunələr əsasında müxtəlif strategiyaları təqdim edərək məhsul və xidmətlərin lokal bazarlara uyğunlaşdırılmasının əhəmiyyətini açıqlayıb. Təlim interaktiv şəkildə keçirilib – iştirakçılar suallar verib, fikir və təkliflərini bölüşüb, praktiki tapşırıqlarda fəal iştirak ediblər.

Təlimin sonunda iştirakçılar bu cür təşəbbüslərin bölgədə qadınların iqtisadi və sosial fəallığını artırmaq baxımından mühüm rol oynadığını bildiriblər. Onlar gələcək fəaliyyətləri üçün motivasiya qazandıqlarını qeyd edərək, qadınların biznes sahəsində uğur qazanması üçün davamlı dəstəyə ehtiyac olduğunu vurğulayıblar.

Layihə, eyni zamanda, qadınların özəl sektorda daha rəqabətqabiliyyətli olmalarına və müstəqil iqtisadi fəaliyyət göstərmələrinə imkan yaradır.

 



Bölmədən digər xəbərlər
QHT “Kənd sağlamlığı günləri” adlı seminar keçirib
“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi 19.07.2025-cü il tarixdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Saatlı rayonun ucqar kəndlərini (Varxankənd və Qaralar) əhatə edən “Kənd sağlamlığı günləri” adlı seminar keçirib.