Rusiyada anti-Azərbaycan ritorikası-Kremlin susqunluğu narahatlıq doğurur

Tarix: 15:32 25.07.2025
Son günlər Rusiya mediasında və bəzi siyasi dairələrdə Azərbaycana qarşı sərt və təhqiramiz ritorika müşahidə olunur. Bu ritorika fərdi fikirlərdən çox, Kremlin dolayısı ilə dəstəklədiyi informasiya kampaniyasını xatırladır. Məsələ təkcə iki ölkə arasında gərginliyə deyil, Rusiyanın çoxmillətli strukturuna da mənfi təsir göstərə bilər.
Rusiyada anti-Azərbaycan çıxışlarının artmasının arxasında hansı məqsədlər dayanır? Və bu ritorika Azərbaycan–Rusiya münasibətlərinə və Rusiyanın daxili sabitliyinə necə təsir göstərə bilər?
Mövzu ilə bağlı politoloq Turan Rzayev "İnformator.az"a bildirib ki, Rusiyanın Azərbaycanla gərginliyi azaltmaq və problemləri həll etmək yerinə, bəzi politoloqları və deputatları önə sürərək, açıq şəkildə anti-Azərbaycan isteriyasını alovlandırmaq istəyi müşahidə olunur:
"Bu çıxışlar tez-tez təhqir və hədələrlə müşayiət olunur.Məlumdur ki, Rusiyada bəzi deputatların, politoloqların və mediada çıxış edən ekspertlərin son dövrlərdə səsləndirdiyi anti-Azərbaycan ritorikası fərdi fikirlərdən daha çox, Kremlin informasiya sistemində vahid mərkəzdən verilən tapşırıqların nəticəsidir. İlk baxışda fərdi təşəbbüs kimi görünən bu ritorika, dövlətin rəsmi mövqe bildirmədən susqunluq göstərməsi ilə Kremlin qeyri-rəsmi mövqeyi ilə üst-üstə düşür. Rusiya kimi informasiya sahəsinə ciddi nəzarətin olduğu ölkədə belə açıqlamaların təsadüfi səslənməsi inandırıcı deyil.Kremlin sözçüsü, Xarici İşlər Nazirliyi və digər rəsmi qurumların bu məsələdə sərt təkzib və ya reaksiya verməməsi isə bu ritorikanın dövriyyədə qalmasına razılıq kimi qiymətləndirilir. Susqunluq neytrallıq deyil, yumşaq təşviqdir.
Rusiyanın bu siyasəti müəyyən mənada başa düşüləndir: cəmiyyətdə anti-miqrant ovqatının artırılması, müəyyən etnoslara qarşı kollektiv nifrətin formalaşdırılması, dövlətin sosial-iqtisadi problemlərdən diqqəti yayındırmaq üçün köhnə "günah keçisi" strategiyasına qayıdışı kimi dəyərləndirilir".
Ekspert bildirib ki, Azərbaycana və ümumiyyətlə Qafqaz xalqlarına qarşı yönələn bu ritorika Rusiya cəmiyyətində artan sosial narazılığın ünvanının bilərəkdən dəyişdirilməsi deməkdir:
"Tarix isə belə yanaşmaların təhlükəli nəticələr doğurduğunu göstərir.1930-cu illərdə Almaniyada yəhudilərə qarşı aparılan nifrət kampaniyası əvvəlcə media və siyasi ritorika ilə başlayıb, sonra hüquqi və fiziki repressiyalara çevrilmişdi. Bu gün Rusiyada isə miqrasiya, korrupsiya, iqtisadi durğunluq və beynəlxalq təcrid fonunda hədəfə diasporlar və “xarici mənşəli” vətəndaşlar çıxarılır.Azərbaycan ictimaiyyətində Rusiyaya qarşı artan etimadsızlıq emosional deyil, Kremlə qarşı son dövrlərdə nümayiş etdirilən mövqenin təbii nəticəsidir. “Arı yuvasına çomaq salırsansa, çıxan arı sənə bal verməyəcək” misalı bu vəziyyəti yaxşı ifadə edir. Əgər Rusiya dövləti belə çıxışlara sərhəd qoymazsa, yalnız ikitərəfli münasibətlər deyil, Rusiya daxilində çoxmillətli struktura da inamsızlıq toxunacaq.
Azərbaycanlılara qarşı nifrət ritorikası sabah digər etnosların da hədəfə alınacağı mesajını verir ki, bu da Rusiya Federasiyasının çoxmillətli sabitliyi üçün ciddi təhdiddir.
Bu mənzərə göstərir ki, Rusiya Cənubi Qafqazda artan Türkiyə və Qərb təsirindən narahatdır və Azərbaycanı “cəzalandırmaq” üçün ictimai rəyin istiqamətini dəyişdirməyə çalışır. Lakin bu addımlar nə ikitərəfli münasibətlərə, nə də regional sabitliyə fayda verəcək. Əksinə, Azərbaycanın Rusiya ilə münasibətlərdə daha ehtiyatlı və məsafəli mövqe tutmasına səbəb olacaq".
Türkan Kərimli