Azərbaycan–İtaliya hərbi əməkdaşlığı müzakirə olunub

Bölmə: Siyasət › ,
Tarix: 16:44 25.07.2025

 

Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev İtaliya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Luçano Portolanonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Bakıda görüşüb. Tərəflər hərbi, texniki və kibertəhlükəsizlik sahələrində əməkdaşlıq imkanlarını müzakirə ediblər. Görüşlər, qarşılıqlı səfərlər və təqdimatlar hərbi təcrübə mübadiləsinin gücləndirilməsinə xidmət edir.

 

Mövzu ilə bağlı politoloq Əziz Əlibəyli "İnformator.az"a açıqlamasında bildirib ki, Azərbaycan və İtaliyanın iqtisadi münasibətləri strateji münasibətləri müəyyən edib:

 

"Burada karbohidrogenlə bağlı detallar önəmli rol oynayırdı. Avropa İttifaqı ölkəsi kimi İtaliya, Azərbaycan qazını idxal etdi və bu, həm də TANAP layihəsi çərçivəsində Azərbaycanın Avropaya gedən qaz ixrac kəmərlərinin təhlükəsizliyini gündəmə gətirdi. Bu səbəbdən də Azərbaycanın bu sahədə mütləq şəkildə hərbi təhlükəsizliyə diqqət yetirməsi vacib amil kimi ön plana çıxdı.

 

Azərbaycan–İtaliya münasibətləri, həm də pisləşən Azərbaycan–Fransa münasibətləri kontekstində alternativ rol oynadı. Avropa İttifaqı ölkəsi kimi Azərbaycanla münasibətlərə təbii ki, Avropa İttifaqı və gələcəkdə yaranması mümkün olan Qafqaz İttifaqı arasında münasibət prizmasından da baxmaq olar. Bu da Azərbaycanın beynəlxalq təhlükəsizlik sistemində yerini və rolunu gücləndirir, çünki Azərbaycan bu mənada hərbi baxımdan güclü tərəfdaş kimi ön plana çıxır. Nəticə etibarilə, Azərbaycanın hərbi baxımdan güclü olması, İtaliyanın milli maraqları və milli hərbi təhlükəsizlik maraqlarına da cavab verir".


Xəlilli Nigar