ABŞ-nin mümkün rüsumlarına qarşı cavab tədbirləri hazırlanır

Bölmə: Siyasət › ,
Tarix: 16:45 25.07.2025

 


Almaniya kansleri Fridrix Merts və Fransa Prezidenti Emmanuel Makron ABŞ-nin Avropa İttifaqı məhsullarına qarşı mümkün gömrük rüsumları tətbiq edəcəyi təqdirdə cavab tədbirlərinə hazır olduqlarını bildiriblər.


Mövzu ilə bağlı politoloq Elşad Mirbəşiroğlu "İnformator.az"a açıqlamasında bildirib ki, bir müddət əvvəl Avropa məhsullarına əlavə rüsum tətbiq edilən ölkələrin siyahısında ABŞ-nin müttəfiqləri də yer almışdı:


"Artıq növbəti dəfədir ki, ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqına üzv ölkələrdən ABŞ-yə ixrac olunan məhsullara əlavə rüsum tətbiq ediləcəyini bildirir. Bir müddət əvvəl Avropa məhsullarına əlavə rüsum tətbiq edilən ölkələrin siyahısında ABŞ-nin müttəfiqləri də yer almışdı. Lakin hesab edirəm ki, bu addım iqtisadi xarakterdən çox, siyasi xarakter daşıyır. Çünki Tramp ilk dəfə rüsumları tətbiq etdikdən sonra onun siyasi nəticələr əldə etməyə daha çox meyilli olduğu aydın görünüb. Yəni, rüsum siyasəti vasitəsilə ABŞ əlavə siyasi dividendlər qazanmağa çalışır. Bu rüsumların tətbiqi və ya artırılması siyasi sövdələşmə aləti kimi çıxış edir. Məsələn, ABŞ-Çin münasibətlərində aparılan danışıqlar və əldə olunan razılaşmalar göstərib ki, rüsum siyasəti əslində siyasi təzyiq vasitəsidir. Buna görə də düşünürəm ki, hazırkı mərhələdə ABŞ, Avropa İttifaqını öz maraqlarına uyğun siyasi mövqe sərgiləməyə sövq etmək istəyir. Fikrimcə, Avropa İttifaqının ABŞ qarşısında iqtisadi siyasət, daha dəqiq desək, xarici iqtisadi əlaqələr sahəsində manevr imkanları məhduddur. Birincisi, dünyanın ən böyük təchizat bazarlarından biri olan Rusiya ilə Avropa İttifaqı arasında, praktiki olaraq, ticarət dövriyyəsi demək olar ki, mövcud deyil. Bəzi istisnaları nəzərə almasaq, əlaqələr minimum səviyyədədir. Digər tərəfdən, ABŞ dünyanın ən böyük istehlak bazarına sahibdir. Bu səbəbdən Avropa İttifaqı ABŞ bazarını da itirmək təhlükəsini ciddi şəkildə nəzərə alacaq. Onsuz da Avropa İttifaqına üzv ölkələrin əksəriyyəti iqtisadi böhranla üz-üzədir. Eyni zamanda enerji böhranının həlli istiqamətində atılacaq addımlar da iqtisadiyyata əlavə yük gətirəcək. Bu baxımdan, Avropa İttifaqı ölkələrinin iqtisadi durumu birbaşa ABŞ-dən asılı vəziyyətdədir. Ona görə də düşünürəm ki, Donald Trampın növbəti qərarından sonra Avropa İttifaqı ilə ABŞ arasında siyasi sövdələşmələr başlayacaq. Hər nə qədər bu ehtimal bu gün üçün inandırıcı görünməsə də, Tramp Avropa İttifaqına üzv ölkələri Ukrayna məsələsində daha kompromisli mövqe tutmağa məcbur etməyə çalışa bilər. Çünki o, Rusiyaya qarşı təzyiqlərin nəticə vermədiyini görür və münaqişəni bitirəcəyinə dair verdiyi vədlərlə siyasi imicini formalaşdırmaq istəyir.


Tramp "sülh yaradan lider" obrazını formalaşdırmaq istəyir və bu istiqamətdə müəyyən cəhdlər göstərməsi mümkündür. Əks halda, bu gün ABŞ-yə Avropa İttifaqından idxal olunan məhsullara əlavə rüsumların tətbiq olunması üçün real və ciddi iqtisadi əsaslar yoxdur. Çünki bu rüsumlar ABŞ istehsalçılarının bazardakı mövqelərini nəzərə çarpacaq dərəcədə möhkəmləndirməyəcək. Eyni zamanda, belə qərarlar qəbul olunarkən ABŞ istehsalçılarının maraqları da nəzərə alınmalıdır. Digər tərəfdən, ABŞ bazarlarının əsas təchizatçısı kimi çıxış edən ölkə Çindir. Bu baxımdan Avropa İttifaqına üzv ölkələrin həmin bazarlardakı payı nisbətən azdır. Bütün bu arqumentlər onu deməyə əsas verir ki, ABŞ-nin bu addımı, iqtisadi səbəblərdən daha çox, Avropa İttifaqından siyasi güzəştlər almağa yönəlib. ABŞ bu cür iqtisadi təzyiq vasitələrindən tez-tez istifadə edir. Avropa tərəfinə gəldikdə isə, düşünürəm ki, onların bu təzyiqlərə qarşı ciddi və təsirli cavab reaksiyası vermək imkanları olduqca məhduddur".

Səmayə Səftərova