ABŞ-dən İrana sarsıdıcı sanksiya zərbəsi
Bölmə: Siyasət ›
,
Tarix: 22:11 31.07.2025
ABŞ İrana qarşı son 7 il ərzində ən sərt sanksiyalarını tətbiq edib. Bu qərar, Tehranla əlaqəli gəmiçilik şəbəkəsi və onlarla şirkətin hədəf alınması ilə müşayiət olunub. Sanksiyaların miqyası beynəlxalq ictimaiyyətin diqqətini çəkib.
Mövzu ilə bağlı iqtisadçı Elçin Rəşidov "İnformator.az"a açıqlamasında bildirib ki, ABŞ İrana və dünyaya göstərmək istəyir ki, İranın hazırkı regional siyasəti, o cümlədən onun Yaxın Şərqdəki nüfuzunu artırmaq üçün fəaliyyətinin, HƏMAS-ı, Hizbullahı, Husiləri dəstəkləməsinin, onlar üzərindən proksi müharibə aparmasının, İranın anti-İsrail siyasətinin əleyhinədir və İsrailin arxasında dayanır:
"İranla yanaşı, Səudiyyə Ərəbistanı, İsrail və digər anti-İran qüvvələrə mesaj verir ki, İrana qarşı mübarizədə sizin arxanızdayıq. Nisbətən daha müstəqil siyasət yeridən Türkiyəyə də siqnal göndərir ki, ABŞ İrana güzəştə getməyəcək. Sanksiya təzyiqini artırmaqla İrana iqtisadi və diplomatik olaraq təsir göstərir, İranı hazırkı regional siyasətindən, dron proqramlarından əl çəkdirməyə çalışır".
İqtisadçı həmçinin qeyd edib ki, sanksiyalar təbii ki, İran iqtisadiyyatına mənfi təsir edəcək:
"Neft ixracı zəifləyəcək, gəmiçilik kanalları bağlanacaq. Buna uyğun olaraq, İranın valyuta gəlirləri daha da azalır. Eyni zamanda İranın dollara və beynəlxalq maliyyə sistemlərinə çıxışı zəifləyir. Bu, daxili inflyasiya yarada bilər. İdxal xərclərinin artması da müşahidə oluna bilər. İranın milli valyutası olan riyalın dəyəri düşə bilər. İran hazırda neftinin böyük hissəsini gizli satış kanalları vasitəsilə satır. Bu da neftin satışını daha riskli və bahalı edir. Xarici valyutanın ölkəyə axını azaldıqda tədiyyə balansına mənfi təsir edir. Tədiyyə balansına mənfi təsir göstərməsi üzən məzənnə rejimi olan ölkədə milli valyutanı zəiflədir. Milli valyutanın zəifləməsi ölkə iqtisadiyyatının bərpa olunması üçün iqtisadiyyatın buna sağlam reaksiyasıdır. Bu, idxal olunan malların – ərzaq, dərman, sənaye avadanlıqları və s. – qiymətinin artmasına səbəb olur. Orta təbəqənin alıcılıq gücü azalır və bu təbəqə zəifləyir. Bəzi dəyər zəncirlərində xammal çatışmazlıqları yarana bilir. Ölkə maliyyə blokadası ilə üzləşdiyindən ixrac kanalı da bağlana bilər. Belə ölkələrdə sanksiyaları aşmaq hazırda qeyri-rəsmi ticarət, qaçaqmalçılıq şəbəkələri vasitəsilə baş verir".
Elçin Rəşidov əlavə olaraq bildirib ki, İran gəmilərinin müxtəlif limanlara girişində çətinliklər yarana bilər:
"İlk növbədə bu gəmilərin sığortalanmasında problemlər yarana bilər. İranın əsas çıxış kanalları olan Fars körfəzi və okeana çıxışına vasitəçi olan Hörmüz boğazına çıxışlarında risklər artır. Nəqliyyat xərcləri qalxanda təbii ki, ölkənin ixracatına və idxal əməliyyatlarına mənfi təsir edir. Loqistika zənciri dağılır, yüklənmələr əmələ gəlir. Əgər İrandan gətiriləcək loqistika zəncirli elementləri varsa, bu, ixrac və idxal əməliyyatlarında Azərbaycana da mənfi təsir edir. Təchizat zəncirinin belə bir dağıntısı bazar qiymətlərinin yüksəlməsinə səbəb olur. Hətta ilk dövrdə bunun insanlara müvəqqəti psixoloji təsirləri də olur. Təchizat zəncirləri heç vaxt tam bərpa oluna bilməz. Alternativ yollarla qismən bərpa olunana qədər bu, regional loqistika zəncirinə zərər vuracaq. Bir çox beynəlxalq daşıyıcı şirkətlər əməkdaşlığı dayandıra bilir. İran da daxil olmaqla, bir sıra ölkələrin gəlirlərinə mənfi təsir edir".
Billurə Quliyeva


