Pekin Rusiya-ABŞ yaxınlaşmasını dəstəkləyir
Bölmə: Siyasət ›
,
Tarix: 22:15 31.07.2025
Çin hökuməti Rusiya və ABŞ arasında münasibətlərin yaxşılaşmasını, bu iki nüfuzlu dövlətin qlobal sabitlik və sülhə töhfə verməsini dəstəkləyir. Çin Xarici İşlər Nazirliyinin rəsmisi Qo Tszyakun Pekində keçirilən brifinqdə bildirib ki, Moskva ilə Vaşinqton arasında dialoqun inkişafı beynəlxalq təhlükəsizlik baxımından müsbət hal hesab olunur. O, Rusiya Prezidenti Vladimir Putin və ABŞ-nin Prezidenti Donald Trampın ehtimal olunan Pekin görüşünü də bu kontekstdə şərh edib.
Mövzu ilə bağlı Politoloq Elxan Şahinoğlu "İnformator.az"a açıqlamasında bildirib ki, Pekin, bəli, Rusiya və Amerika arasında vasitəçi olmaq istəyir:
"Çalışır, çünki bir neçə məqsədi var. Birincisi, vasitəçi rolunda mövqeyini gücləndirmək istəyir. İkincisi, Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəni davam etdirməsi Çinin özü üçün ciddi problemlər yaradır. Artıq Amerika Çini hədələyib ki, Rusiya neft satışını dayandırmalıdır. Əgər dayandırmasa, Çinə qarşı sanksiyalar sərtləşdiriləcək. Buna görə də vasitəçilik Çinə lazımdır ki, Amerika və Rusiya arasında hansısa ortaq nöqtələr tapılsın və Amerikanın Çinə qarşı təzyiqi zəifləsin.
Sentyabr ayında Pekində İkinci Dünya müharibəsinin bitməsinin 80 illiyi təntənəli şəkildə qeyd ediləcək. Rusiya prezidenti Vladimir Putin dəvətlidir, gələcəyi gözlənilir. Çünki Çin lideri Si Cinpin vaxtilə Mayın Doqquzunda Moskvada keçirilən Qələbə paradında iştirak etmişdi. İndi Pekin çox çalışır ki, həmin tədbirə Donald Tramp da gəlsin və Trampla Putinin görüşü baş tutsun. Buna ciddi səylər göstərilir. Lakin belə bir görüşün baş tutacağını söyləmək çətindir. Çünki Tramp hələ bu barədə qərar verməyib və Putinə münasibəti də mənfiyə doğru dəyişib. Onun Putindən məyus olduğu açıq hiss olunur.
Bu səbəbdən Çin–Rusiya–Amerika üçtərəfli əməkdaşlığından danışmaq hələlik tezdir. Nə qədər ki, Rusiya Ukraynaya qarşı işğalçı müharibəsini davam etdirir, bu formatda əməkdaşlıq imkanları son dərəcə məhduddur. Üstəlik, Amerika ilə Çin arasında hələ ticarət sazişi də imzalanmayıb, danışıqlar davam edir. Bununla yanaşı, Çinin Tayvanı ələ keçirmə təşəbbüsləri də Vaşinqtonda ciddi narahatlıq doğurur.
Çinin hərbi qüdrətini xüsusən də okeanlarda hərbi dəniz donanmasının gücləndirilməsi və müxtəlif ölkələrin adalarına yaxınlaşması artırması da onu göstərir ki, Çinlə Amerika arasında münasibətlərin gərginlikdən çıxması yaxın zamanda gözlənilmir.Bu səbəbdən, Çinin istəkləri olsa da, bu istəklərin yaxın gələcəkdə reallaşacağını söyləmək, mövcud şərtlər daxilində mümkün deyil".
Xəlilli Nigar


