Çin ABŞ-yə qarşı gömrük tariflərinin tətbiqini təxirə salıb

Bölmə: Siyasət › ,
Tarix: 17:53 13.08.2025

 


Çin Amerika məhsullarının idxalına tətbiq edilən 24 fazilik tarifin təxirə salınmasını daha 90 gün müddətinə uzadıb.“2025-ci il avqustun 12-dən etibarən 24%-lik tarifin tətbiqi yenidən 90 gün müddətinə təxirə salınacaq, eyni zamanda bu mallardan tutulan 10%-lik rüsum qüvvədə qalacaq”.Çin həmçinin Cenevrədə əldə olunan razılaşmalara uyğun olaraq ABŞ-yə qarşı qeyri-tarif əks-tədbirlərini dayandırmaq və ya ləğv etmək üçün lazımi tədbirlər görəcək.


Bu məsələ ilə bağlı iqtisadçı eskpert Altay İsmayılov "İnformator.az"a açıqlamasında bildirib ki,ABŞ-Çin ticarət gərginliyi yenidən dərinləşə bilər:

 

"Ümumilikdə, qarşılıqlı tətbiq olunan tariflər həm Amerikanın, həm də Çinin iqtisadiyyatına birbaşa təsir göstərib və eyni zamanda qlobal iqtisadiyyatla yanaşı dünya ticarətinə də mənfi təsir edib. Bu təsirlər hər iki ölkə baxımından mühüm idi. Qeyd edək ki, bundan əvvəl may ayında Cenevrədə verilən bəyanatla tariflərin tətbiqi bir dəfə üç aylıq müddətə təxirə salınıb. İndi isə yenidən uzadılmasının əsas səbəbi, tariflərin tətbiqi halında iqtisadiyyatda inflyasiya risklərinin artması, iqtisadi dinamikanın zəifləməsi, işsizlik səviyyəsinin yüksəlməsi və tədarük zəncirlərinin qırılması kimi risklərin mövcud olmasıdır.


Bu qərarla ən azı növbəti üç ay üçün iqtisadi riskləri minimuma endirmək hədəflənir. Lakin növbəti mərhələdə prosesin necə inkişaf edəcəyi noyabrın 10-da veriləcək qərardan asılı olacaq. Yəni, həmin vaxta qədər yeni bir razılaşma əldə olunarsa, həm iki ölkənin iqtisadiyyatına, həm də qlobal iqtisadiyyata təsir edən risklərin qarşısı alınmış olacaq.


Bununla belə, hələ ki, bu risklər tam aradan qalxmayıb. Əgər noyabr ayında yenidən uzatma qərarı qəbul olunmasa və idxal tarifləri tətbiq edilərsə, ABŞ-Çin ticarət gərginliyi yenidən dərinləşə bilər. Əksinə, həmin tarixdə münasibətlərin tənzimlənməsi istiqamətində qərar verilsə, bu, həm Çin və ABŞ iqtisadiyyatına, həm də dünya iqtisadiyyatına müsbət təsir göstərəcək".


Xədicə Məhərrəmli