Azərbaycanın NATO-dakı nümayəndəliyi ikitərəfli tərəfdaşlığa sadiqliyini ifadə edib

Bölmə: Siyasət › ,
Tarix: 17:55 13.08.2025

 


Azərbaycan NATO ilə tərəfdaşlığa sadiq qalır."Azərbaycan Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində beynəlxalq sülh və təhlükəsizliyə töhfə verməkdə qərarlıdır", - paylaşımda bildirilib.Həmçinin Azərbaycanla Ermənistan arasında avqustun 8-də Vaşinqtonda əldə edilən razılıqlarla bağlı təbrikinə görə NATO Baş katibinin siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə köməkçisi Boris Rugeyə təşəkkür edilib.


Bu məsələ ilə bağlı politoloq Samir Hümbətov "İnformator.az"a açıqlamasında bildirib ki,son illərdə Azərbaycan Ordusunun NATO standartlarına uyğunlaşdırılması prosesi də nəzərəçarpacaq dərəcədə sürətlənib:


"Azərbaycanla NATO arasında əməkdaşlıq, təbii ki, 1994-cü ildən etibarən Sülh Naminə Tərəfdaşlıq proqramı çərçivəsində müntəzəm şəkildə həyata keçirilir. Lakin bu əməkdaşlığın açıq və fəal şəkildə görünməsi xüsusilə 1990-cı illərin sonlarında baş verib.Kosovo müharibəsindən sonra, 2000-ci illərin əvvəllərində Azərbaycan sülhməramlıları Kosovada xidmət göstəriblər. Daha sonra Əfqanıstanda, İraqda və digər bölgələrdə Azərbaycan sülhməramlı kontingentinin Türkiyə kontingenti ilə birgə fəaliyyəti NATO–Azərbaycan əlaqələrinə verilən ən mühüm töhfələrdən biri olub.


Bu gün Azərbaycan ilə NATO arasındakı əməkdaşlıq danılmazdır. NATO-nun iki əsas gücü – Amerika Birləşmiş Ştatları və Türkiyə – ilə Azərbaycan arasında strateji tərəfdaşlıq əlaqələri mövcuddur. Artıq Azərbaycan Türkiyə ilə strateji tərəfdaşlıq müqaviləsi imzalayıb, ABŞ ilə isə bunun üçün “yol xəritəsi” hazırlanıb və razılıq sənədi imzalanıb. Bu, NATO-nun aparıcı iki dövləti ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsi deməkdir. Hesab edirəm ki, belə bir əməkdaşlıq yalnız Cənubi Qafqazda deyil, ümumilikdə Avrasiya məkanında sülhə töhfə verə biləcək mühüm amildir.Son illərdə Azərbaycan Ordusunun NATO standartlarına uyğunlaşdırılması prosesi də nəzərəçarpacaq dərəcədə sürətlənib. Bu işlər yüksək səviyyədə həyata keçirilir və burada xüsusilə qardaş Türkiyənin hərbi sistemi, təcrübəsi və texnikasından faydalanmağımız mühüm rol oynayır. Bu, ölkəmiz üçün ciddi strateji üstünlük yaradır və regionda sülhün möhkəmlənməsinə xidmət edir.


Təbii ki, 8 avqust 2025-ci ildə Vaşinqtonda əldə olunan razılaşmalar da xüsusi əhəmiyyət daşıyır. Buraya 907-ci düzəlişin aradan qaldırılması istiqamətində atılan addımlar, eləcə də ikitərəfli strateji tərəfdaşlıq anlaşmalarının imzalanması daxildir. Fikrimizcə, bu qərarların hər biri NATO ilə əməkdaşlığımızı daha da gücləndirəcək. Bu məsələyə nikbin yanaşıram və düşünürəm ki, belə addımlar istər ikitərəfli münasibətlərdə, istər sülh prosesində, istərsə də ekstremizm, terrorizm kimi qlobal təhdidlərin qarşısının alınmasında mühüm rol oynayacaq".


Xədicə Məhərrəmli