PSJ “Tottenhem”ə qarşı

Tarix: 21:04 13.08.2025
"UEFA Superkuboku hər il mövsümün əvvəlində keçirilir və bir mövsüm əvvəlki UEFA Çempionlar Liqasının qalibi ilə UEFA Avropa Liqasının qalibi üz-üzə gəlir. İki böyük turnirin qaliblərinin bir oyunda üz-üzə gəlməsi azarkeşlər, bütün futbolçular tərəfindən maraqlı qarşılanır, bu hər il belə olur. Bu il də UEFA Çempionlar Liqasının qalibi olan "PSJ", UEFA Avropa Liqasının qalibi "Tottehem"lə üz-üzə gələcək".
Bu sözləri idman jurnalisti Fuad Eldarov "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, bu çox maraqlı qarşılaşmadır:
""PSJ" UEFA Çempionlar Liqa mərhələsində qat-qat aşağılarda bitirməsinə baxmayaraq, sonda çox gözəl oyunla ali turnirin mükafatını başı üzərinə qaldırıb. Onun liqa mərhələsindəki çıxışından sonrakı dəyərləndirilmələri UEFA Çempionlar Liqasının qalibi olacağı ehtimalını daha da azaldıb. Burda UEFA Çempionlar Liqasının qalibi kimi azarkeşlər tərəfindən "Barselona", "Real Madrid", "Liverpul" və yaxud digər "PSJ" kimi titullu komandalar göstərilsə də, o öz oyun üslubunu 180 dərəcə dəyişərək yekunda turnirin qalibi olub.
Mənim fikrimcə bu finalın qalibi "PSJ" komandası olacaq. Çünki müxtəlif oyun üslublarına sahib komandaları gözlənilməz həmlələrlə məğlub etməyi bacaran bir komanda inanıram ki, Superkubok oyununda da "Tottehem"in qarşısına iddialı çıxacaq. Amma digər tərəfi də müqayisə etsək, "Tottehem" də heç zəif təsir bağışlamır. Gücləri biz hazırki vəziyyətə görə bərabər səviyyəli qeyd edə bilərik. "PSJ" nə qədər sürətli oyun üslubuna, cinahlardan hücuma meyilli, taktiki gedişə üstünlük versə də, eyni zamanda "Tottehem" də əks hücumlarda sürətli təsir bağışlayan komandadır. O həm də "ev tapşırıqlarını" da yaxşı səviyyədə yerinə yetirə bilən komandadır".
Müsahibimizin sözlərinə görə, hər iki komandanın tərkibində müxtəfil təyinatlar üzrə çox güclü, iddialı futbolçular var ki, bu da oyunun marağını qat-qat artıracaq:
"Onu deyə bilərəm ki, hər iki komandanın tərkibində güclü futbolçular var, "PSJ"nin tərkibi elə də dəyişməyib. O ən yaxşı oyunçularını meydançaya buraxaraq ən yaxşı nəticəni əldə edə bilər.
Bu final matçının nəticəsi, komandalara mövsümün qalan hissəsi üçün böyük motivasiyadır. Mövsümə titulla başlamaq hərbir komanda üçün mövsümün geri qalanında: istər daxili çempionatda, istər Avrokuboklarda, istərsə də, kubok matçlarında potensial əhval-ruhiyyə yarada bilər ki, mövsümün qalan hissəsində də onlar mübarizəni daha yaxşı səviyyədə apara bilsinlər".
Zəhra Möhübbətova