Pezeşkian Ermənistana səfər edəcək

Bölmə: Siyasət › ,
Tarix: 21:48 13.08.2025

İran Prezidenti Məsud Pezeşkian avqustun 19-da Ermənistana rəsmi səfər edəcək. Səfər çərçivəsində iki ölkə arasında siyasi, iqtisadi və regional əməkdaşlıq məsələlərinin müzakirə olunacağı gözlənilir. 

 

Məsələ ilə bağlı politoloq Tural İrfan "İnformator.az"a açıqlamasında bildirib ki, İranın Zəngəzur dəhlizi məsələsindəki əvvəlki barışmaz mövqeyini Prezident Məsud Pezeşkianın yumşaltmağa çalışdığı müşahidə olunur:

 

"Sadəcə bu məsələni İranın hakimiyyət quruluşu sisteminin ikili və daha çox ziddiyyətli qollara bölünmüş, əks mövqeli qüvvələrinin maneə yaratması çətinləşdirir. Ali dini lider və ona bağlı qüvvələr Azərbaycanla və digər ölkələrlə gərginliyə səbəb olacaq siyasətin tərəfdarıdırlar və daha çox sərt, hədə ritorikasından istifadə edirlər. Prezident cəbhəsi ilə münasibətlərin normal davam etməsi, hətta inkişafını istəyir, həmçinin Zəngəzur dəhlizinin də İrana heç bir maneə yaratmadığını düşünür. Sadəcə Prezident Pezeşkianın təkbaşına dövlət siyasətinin məcrasının istiqamətini dəyişmək imkanı hələ ki, məhduddur. Hesab edirəm ki, buna baxmayraq onun Ermənistana səfəri, aparılan danışıqlar, qayıdıb İranın mühafizəkar cəbhəsinə məlumat verməsi bu məsələdə onların mövqeyinin də nisbətən yumşalmasına səbəb ola bilər".

 

Ekspert həmçinin bunu da bildirib ki, bir qədər əvvəl Ali dini liderin nümayəndəsinin Zəngəzur dəhlizi əleyhinə sərt bəyanatı və hətta Rusiyanı da özlərinə qoşması bu səfəri labüdləşdirir:

 

"Çünki dəhlizi verən Ermənistandır və ABŞ ilə danışıqların, bəyannamənin tərəfi də Baş nazir Paşinyandır. Odur ki, Ermənistan - Azərbaycan arasındakı sülh prosesinin tərkib hissəsi olan Zəngəzur dəhlizi məsələsinə aid məsələ də İran Prezidenti ilə müzakirə olunacaq, ABŞ-nin buradakı rolu ona izah ediləcək. Hesab edirəm ki, Preziden Pezeşkian mövcud siyasəti, regionun durumunu, nəzərdə tutulan planları gözəl anlayır və o həqiqətən də sülh və dostluq şəraitində bölgənin inkişafını istəyir. Onun Azərbaycana səfəri də bunu göstərir. Eyni zamanda İranda Azərbaycanla bağlı verdiyi bir çox bəyanat və açıqlamalar da bunu sübut edir. Hesab edirəm ki, o Ermənistanda da bu mövzudakı danışıqları baş nazir Paşinyan ilə apararaq, narahatedici məsələləri müzakirə edib qaneedici bir qənaətə gələcək. Çünki Pezeşkiyanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi belədir ki, bu yol İrana problem yaratmır. İran Prezidentinin Ermənistana səfərin çərçivəsində hər iki ölkə aranda mövcud vəziyyət, gələcək planlar, təhlükəsizlik məsələləri müzakirə olunacaq. Nəticənin normal olacağına ehtimal böyükdür".

 

Güllər Gülhüseynova